Accessibility links

Arif Hacılı: Aksiyanı keçirməyə cəhd edəcəyik


Arif Hacılı
Arif Hacılı

Bakı şəhər İcra Hakimiyyətinin binası qarşısında piketin keçirilməsi ilə bağlı qərarımız qüvvədədir. Hazırlıq işləri artıq yekunlaşıb. Bu gün, noyabrın 12-də saat 15-də aksiyanı keçirməyə cəhd edəcəyik.

Bu barədə Müsavat Partiyasının başqanı Arif Hacılı Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, indiki anadək yüzlərlə partiya üzvü polis idarə və şöbələrinə çağırılaraq aksiyada iştirak etməmələri ilə bağlı xəbərdarlıq edilib.

“Müsavat Partiyasının üzvlərinin polis bölmələrinə aparılması prosesi indi də davam edir. Müavinim Razim Əmiaraslanlı dünəndən polis idarəsindədir. Bu gün səhər saatlarında müşavirim, partiyanın Siyəzən rayon təşkilatının sədri Mərdan Mehdili, Xətai rayon təşkilatının sədri Qəzənfər Baxışov, Qaradağ rayon təşkilatının sədri Qədim Soltan, mətbuat departametinin rəhbəri Mustafa Hacılı, Nərimanov rayon təşkilatının fəalı Valeh Hümmətoğlu polis bölmələrinə aparılıb,” o qeyd edib.

Arif Hacılı bildirib ki, səhər saatlarından partiyanın mərkəzi qərargahı polis və mülki geyimli şəxlsərin mühafizəsindədir.

“Partiya qərargahına gələnlər dərhal saxlanılır”, Müsavat liderei Amerikanın Səsinə deyib.

Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının noyabrın 10-na təyin etdiyi mitinqin şəhərin hüdudları daxilində keçirilməsinə razılıq verməkdən imtina edib və aksiyanı Bakıdan 20 kilometr aralıda yerləşən Lökbatan qəsəbəsində keçirməyi təklif edib.

Partiya mitinqi ləğv edib və noyabrın 12-də şəhər administrasiyasının binası qarşısında sərbəst toplaşmaq azadlığının təmin olunması tələbi ilə piket keçirəcəyini bildirib. Amma icra hakimiyyəti bu piketə razılıq verməkdən imtina edib. Buna baxmayaraq, Müsavat Partiyasının rəhbərliyi şəhər administrasiyasının binası qarşısında aksiya keçirəcəyini bəyan edib.

Rəsmi qurumlar Müsavat Partiyasının fəallarının polisə çağırılması ilə bağlı hələ açıqlama verməyib.

XS
SM
MD
LG