Accessibility links

Arif Hacılı: Biz öz mübarizəmiz nəticəsində buna nail olduq


Arif Hacılı: Bu günki dövlətimizi varis hesab etmək mümkün deyil
please wait

No media source currently available

0:00 0:06:39 0:00

Müsavat Partiyasının başqanı, Milli Məclisin keçmiş deputatı Arif Hacılı Amerikanın Səsinə müsahibəsində Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbulu zamanı ictimai-siyasi durum və sənədin tarixi əhəmiyyətindən danışıb.

Amerikanın Səsi: Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbulundan 27 il keçir. Bu gündən baxanda həmin günləri necə xatırlayırsınız?

1991-ci il oktyabrın 18-də Əbülfəz Elçibəyin rəhbərliyi, Xalq Cəbhəsinin təşkilatçılığı və Azərbaycan xalqının iradəsi ilə Azərbaycanın 1920-ci ildə itirilmiş müstəqilliyi bərpa olundu.

Arif Hacılı: Həmin dövrdə Azərbaycanda çox böyük xalq hərəkatı var idi. Bu hərəkat yenidənqurmadan sonra (keçmiş SSRİ Kommunist Partiyasının baş katibi Mixail Qorbaçov dövrü nəzərdə tutulur-red) başlamışdı və 1988-ci ildə böyük bir vüsət almışdı. Azərbaycan xalq hərəkatının nəticəsi olaraq ümumilikdə həm Azərbaycanda, həm də keçmiş SSRİ-də ciddi dəyişikliklər baş verirdi. Baltikyanı respublikalarda, Ukraynada, Gürcüstanda və Azərbaycanda gedən bu siyasi proseslər SSRİ-nin süqutuna və müstəqil dövlətlərin yaranmasına səbəb oldu. 1991-ci il oktyabrın 18-də Əbülfəz Elçibəyin rəhbərliyi, Xalq Cəbhəsinin təşkilatçılığı və Azərbaycan xalqının iradəsi ilə Azərbaycanın 1920-ci ildə itirilmiş müstəqilliyi bərpa olundu.

Amerikanın Səsi: Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktında deyilir ki, 1920-ci il aprelin 27-28-də Rusiyanın XI ordusunun Azərbaycan ərazisini zəbt etməsi, Azərbaycan Demokratik Respublikasını devirməsi Rusiyanın müstəqil Azərbaycanı işğal etməsi hesab edilsin. Rusiyanın Azərbaycan ərazilərini işğalına hüquqi qiymət verilibmi?

Arif Hacılı
Arif Hacılı

Arif Hacılı: Əslində konstitusiya aktında göstərilən bu müddəanın özü hüquqi qiymətin verilməsidir. Həmin dövrdə çox çətin bir vəziyyət var idi. Parlamentin üzvlərinin əksəriyyəti kommunist çoxluğu idi və parlamentdə müxalifətdə olan 40-45 millət vəkili var idi. Onlar Azərbaycanın istiqlalı uğrunda mübarizə aparırdılar. Digərləri Rusiyaya, Moskvaya, imperiyaya bağlı olan Kommunist Partiyasının nümayəndələri kimi parlamentdə iştirak edirdilər. Ona görə həmin dövrdə bu cür qiymətlərin konstitusiya aktına salınması həddən artıq çətin idi. Ancaq biz öz mübarizəmiz nəticəsində buna nail olduq. Xüsusilə parlamentdən kənarda - Azadlıq meydanında, Ali Sovetin (parlament) binasının ətrafında olan insanların, xalq hərəkatının dəstəyi ilə bu məsələlərə hüquqi qiymət vermək mümkün oldu.

Amerikanın Səsi: Konstitusiya aktında Azərbaycan Respublikası 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edilib. Hazırda varislik prinsiplərinə necə əməl edilir?

Təəssüf ki, Azərbaycanda bu varislik prinsipinə hal-hazırda əməl olunmayıb. Azərbaycanda avtoritar rejim hökm sürür.

Arif Hacılı:Təəssüf ki, varislik prinsiplərinə heç bir halda əməl edilmir. 100 il əvvəl Azərbaycan Xalq Cümhuriyyəti demokratik bir respublika idi. Əvvəla bu dövlətin ərazisi 114 min kvadrat kilometr idi. Ancaq hal-hazırda, yəni Sovet dövrünün yekununda Azərbaycanın ərazisi artıq 86.6 min kvadrat kilometrə enmişdi. İndi isə ərazilərimizin 20 faizinə yaxını erməni-rus hərbi birləşmələrinin işğalı altındadır. Bundan başqa həmin cümhuriyyət demokratiyaya, insan haqlarına əməl edən, təkcə bugünkü Azərbaycan üçün yox, bütövlükdə bəşəriyyət üçün nümunə ola biləcək bir cümhuriyyət idi. Avropa ölkələrindən, ABŞ-dan daha tez qadınlara səsvermə hüququ verilmişdi. Azad və ədalətli seçkilər keçirilirdi, çoxpartiyalı sistem mövcud idi, parlament tipli respublikada müxtəlif partiyalar təmsil olunurdu. Yəni fundamental insan haqlarına əməl olunan demokratik bir cümhuriyyət idi. Təəssüf ki, Azərbaycanda bu varislik prinsipinə hal-hazırda əməl olunmur. Azərbaycanda avtoritar rejim hökm sürür. Ölkədə 150-dək siyasi məhbus var. Sərbəst toplaşmaq, söz, ifadə azadlığı, azad seçki hüququ pozulur. Normal özünüidaretmə sistemi yoxdur. Təbii ki, bugünkü dövlətimizi 1918-1920-ci illərdə mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin tam hüquqlu varisi hesab etmək mümkün deyil.

Amerikanın Səsi: Konstitusiya Aktına görə Azərbaycan ölkənin ərazisində və ondan kənarda yaşayan, Azərbaycan dövlətinə və onun qanunlarına tabe sayılan bütün Azərbaycan vətəndaşlarından ibarətdir. Bu mənada dövlət müstəqilliyinin elan edilməsi dünyada yaşayan azərbaycanlıların dünya görüşünə hansı yeni çalarlar gətirib?

Cənubi Azərbaycanda hazırda çox ciddi siyasi proseslər gedir. Orada olan soydaşlarımız milli-mədəni hüquqlar, siyasi muxtariyyat uğrunda fədəkar mübarizə aparırlar.

Arif Hacılı: Dünyada 50 milyondan çox azərbaycanlı yaşayır. Azərbaycanlıların 30 milyondan çoxu indiki İran ərazisində, Cənubi Azərbaycanda yaşayır. Türkiyədə, Rusiyada, Avropada milyonlarla azərbaycanlı var. Onların da yeganə dövləti və ümid yeri, dayaq yeri, istinad yeri müasir Azərbaycan Respublikasıdır. Elçibəy hakimiyyəti dövründə (1992-1993-cü illər) biz bu məsələlərə xüsusi diqqət yetirirdik. Konstitusiya aktında qeyd olunan bu müddəalara əsasən Şimali Azərbaycanın dünyada yaşayan bütün azərbaycanlıların vətəni kimi qəbul olunmasına çalışırdıq. Eyni zamanda Cənubi Azərbaycanda, digər ölkələrdə yaşayan soydaşlarımızın mədəni-milli, muxtar hüquqları uğrunda mübarizə aparırdıq, onlara dəstək verirdik. Hesab edirəm ki, Cənubi Azərbaycanda hazırda çox ciddi siyasi proseslər gedir. Orada olan soydaşlarımız milli-mədəni hüquqlar, siyasi muxtariyyat uğrunda fədəkar mübarizə aparırlar. Onların əsas idealları, istinad nöqtələri və ümidlə baxdıqları dövlət də müasir Azərbaycan Respublikasıdır.

Qeyd: Azərbaycan hökuməti bir qayda olaraq Azərbaycan Xalq Cümhuriyyəti dövrünü beynəlxalq ictimaiyyətə demokratiyanın təntənəsi kimi nümayiş etdirir. Rəsmi Bakı Azərbaycan Xaql Cümhuriyyətinin ənənələrinə uyğun olaraq ölkədə fundamental insan hüquqlarının, o cümlədən azad seçki, toplaşmaq, media azadlıqlarının tam bərpa edildyini, insanların qanun qarşısında bərabər olduğunu bəyan edir.

Bununla yanaşı yerli hüquq müdafiəçiləri 150-dək siyasi məhbusun, həmçinin ondan çox jurnalist və blogerin həbsdə olduğunu bildirib. Amnesty İnternational Azərbaycanda ondan çox insanı “vicdan məhbusu” elan edib.

Avropa Şurasının Parlament Assambleyası bu il iyunun 25-də İslandiyadan olan deputat Thorhild Sunna Evarsdottiri Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi təyin edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG