Müsavat partiyasının başqanı Arif Hacılı Amerikanın Səsinə müsahibəsində pandemiya dövründə partiyanın fəaliyyəti, ölkədə ictimai-siyasi istiqamətlərdə son durum, iqtidar və müxalifət arasındakı dialoqların perspektivləri barədə danışıb.
Amerikanın Səsi: Pandemiya dönəmində tətbiq olunan məhdudiyyətlər şəraitində partiya fəalliyətini necə qurur?
Arif Hacılı: Azərbaycanda onsuz da avtoritar bir hökm sürür və onsuz da hüquq və azadlıqlar məhdudlaşdırılırdı. Pandemiya dövründə hakimiyyət bu məsələdən də hüquqları bir qədər də məhdudlaşdırmaq üçün istifadə etdi. Faktiki olaraq sərbəst toplaşma azadlığı tamamilə məhdudlaşıb. Siyasi partiyaların normal fəaliyyətinə imkan verilmir. Biz pandemiya dövründə daha çox online zoom üzərindən öz tədbirlərimizi keçirdik. İmkan verilən daxildə məhdud heyətdə də olsa toplanıb öz məsələlərimizi müzakirə etdik. Eyni zamanda son dövrlərdə biz partiyanın məclis toplantılarını da online formatda keçirmişik. Eyni zamanda partiya üzvləri ilə qrup-qrup görüşərək öz siyasətimizi aparmağa çalışırıq. Daha çox istifadə etdiyimiz internet şəbəkəsi sosial mediadan istifadə edərək öz fəaliyyətimizi davam etdirmıyı çalışırıq və bu günlərdə də Müsavat partiyasının geniş bir məclis toplantısını keçirdik.
Amerikanın Səsi: Hazırda Müsavat siyasi mübərizədə hansı istiqamətlərə daha çox diqqət yetirir?
Arif Hacılı: Təbii ki, Azərbaycanın qarşısında duran ən böyük problemlərdən biri ölkədə hüquq və azadlıqlarının pozulmasıdır. Biz demokratik islahatların keçirilməsi, Azərbaycanda hüquqi dövlət, demokrtatik cəmiyyətin qurulması uğrunda mübarizə aparırıq. Eyni zamanda paralel olaraq ümummilli məsələlərə, məsələn Azərbaycanın ərazi bütövlüyü, Azərbaycanın suverenliyi və digər məsələlərə diqqət yetiririk. Çalışırıq ki, Azərbaycan hakimiyyətinin həm daxili, həm xarici siyasətinə təsir göstərək, ona nail olaq ki, Azərbaycan demokratik hüquqi bir dövlətə çevrilsin.
Amerikanın Səsi: Bu dövrdə ölkədə ictimai-siyasi mühiti necə qiymətləndirirsiniz?
Arif Hacılı: Bu dövr ərzində əslində siyai fəaliyyət imkanları bir qədər məhdudlaşdırılıb. Dünyanın hər yerində belə problemlər var. Ancaq Azərbaycanda əvvəlcədən avtoritar rejim hökm sürdüyü üçün bu problemlər daha da dərinləşib. Ona görə ölkədə olan indiki şəraiti demokratiyanın boğulduğu, hüquq və azadlıqların tapdalandığı kimi dəyərləndirə bilərəm.
Amerikanın Səsi: Mediada yenidən Müsavat partiyasının “mühacir qalmaqalında” əli olması barədə məlumatlar yayılır. Bu iddialarla bağlı nə deyə bilərsiniz?
Arif Hacılı: Müsavat partiyası Azərbaycanda ən çox təqibə məruz qalan bir partiyadır. Müsavat partiyası Azərbaycanın əsas müxalifət partiyası və əsas təqib olunan partiyası kimi qəbul olunur. Ona görə bir çox işbazlar bir qayda olaraq mühacir məsələləri ilə məşğul olarkən ən çox Müsavat partiyasının bir qədər AXCP partiyasının, bir qədər NİDA təşkilatını və başqa bu tip Azərbaycanın aparıcı müxalif partiyaların adlarından istifadə edirlər. Əslində bun məsələyə son qoyulub. Bu məsələnin başında Əli Həsənov dayanırdı. Azərbaycanda bu cür həm Müsavat adından, həm AXCP adından, həm Respublika prokurorluğu, DİN hətta məhkəmələr adından saxta sənədlər düzəldən şəbəkə ifşa olundu. Mənə elə gəlir ki, bundan sonra da bu mövzunu gündəlikdə saxlamaq artıq qərəzliliyin son həddidir.
Öz növbəsində, Azərbaycan hökuməti beynəlxalq tənqidləri qəbul etmir. Ölkədə insanların fundamental azadlıqlarının tam təmin edildiyini, insanların qanun qarşısında bərabər olduğunu bildirir.