Accessibility links

Arif Hacılı: Müsavat Partiyası insan haqları təmin olunanadək mübarizəni davam etdirəcək


Arif Hacılı
Arif Hacılı

Müsavat Partiyasının başqanının Amerikanın Səsinə müsahibəsi

Müsavat Partiyasının başqanı Arif Hacılı 3 saatdan çox polisdə saxlanıldıqdan sonra sərbəst buraxılıb.

O, Amerikanın Səsinə müsahibəsində bildirib ki, saxlanılması bu gün keçirlən piketlə bağlı olub.

Arif Hacılı: Müsavat Partiyası insan haqları təmin olunanadək mübarizəni davam etdirəcək
please wait

No media source currently available

0:00 0:03:41 0:00

“Polislər məni saxlayarkən Müsavat Partiyasının qərargahına və piketə getməməyi tələb etdilər. Mən onların tələbinin və saxlanmağımın qanunsuz olduğunu bildirdim.”

Arif Hacılı saxlanmasının qeyri-qanuni hərəkət olduğunu və bundan şikayət edəcəyini bildirib.

“Təbii ki, bu qeyri-qanuni saxlanılmadır. Bununla bağlı məhkəmə instansiyalarına müraciət etmək niyyətindəyəm. Siyasi tərəfinə gəlincə, Azərbaycan hakimiyyətinin bir piketlə bağlı ölkədə yaratdığı bu ajiotaj, fövqəladə şərait hakimiyyətin təlaş işərisində olduğunu göstərir. Bir piketin təşkili ilə bağlı ölkənin əsas aparıcı siyasi partiyalarından birinin sədrinin saxlanılması təbii ki, Azərbaycan hakimiyyətinin çoxpartiyalı siyasi sistemə, ölkənin konstitusiya günündə konstitusiyaya hörməsizliyinin göstəricisisdir.”

Arif Hacılı bildirib ki, Müsavat Partiyası ölkədə hüquqi dövlət, demokratik cəmiyyət yaradılması uğrunda mübarizə aparır.

“Ölkədə insanların fundamental hüquqlarının bərpası Müsavat Partiyasının əsas məqsədlərindəndir. Sərbəst toplaşmaq hüququ insanların prioritet hüququdur. Biz ölkədə həmçinin söz və ifadə azadlığının, seçmək və seçilmək hüququnun, eyni zamanda sərbəst toplaşmaq azadlığının bərpa olunması uğrunda bundan sonra da mübarizəmizi davam etdirəcəyik. İnsan haqları təmin olunanadək mübarizəmizi davam etdirləcək,” o qeyd edib.

O saxlanılan zaman və polis şöbəsində hər hansı qeyri-insani rəftara rast gəlmədiyini deyib.

Rəsmi qurumlar Müsavat Partiyasının bu gün piketə cəhdi, partiya fəallarının saxlanılması ilə bağlı hələ məlumat yaymayıb.

Bununla yanaşı, prezident İlham Əliyev bu gün yeni təyin etdiyi rayon icra hakimiyyəti başçıları ilə görüşündə müxalifəti əsassız ittihamlar irəli sürməkdə günahlandırıb.

“O da həqiqətdir ki, bəzən hansısa şəxsi zəmində dövlət məmurlarına qarşı əsassız ittihamlar irəli sürülür. Xüsusilə özünü müxalifət adlandıran antimilli və tamamilə rəzil olmuş qorxaq dəstə bu işlərdə ön sıralardadır. Çünki onların əlindən heç nə gəlmir. Onların işi ancaq qarayaxma kampaniyaları aparmaq və bizim işimizə maneçilik törətməyə cəhd göstərməkdir. Ancaq tarix və həqiqət onu göstərir ki, ayağımıza dolaşmaq istəyən bu antimilli qorxaq dəstə bizim işimizə zərrə qədər ziyan vura bilməz. İndi onlar ancaq sosial şəbəkələrdən, bəzi internet resurslarından istifadə edərək dövlət məmurlarına qarşı qarayaxma kampaniyası aparırlar. Ona görə yerlərdən gələn hər bir siqnala obyektiv baxılacaq və sizin fəaliyyətinizə obyektiv qiymət veriləcək,” prezident qeyd edib.

XS
SM
MD
LG