Accessibility links

Azərbaycan diplomatının tənqidi fikirləri qalmaqal yaradıb


Arif Məmmədovun Facebook səhifəsi
Arif Məmmədovun Facebook səhifəsi

İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanında nümayədəsi Arif Məmmədovun Facebook səhifəsində onun adından Bakıda mayın 19-da penoplast üzlüklü binada 15 nəfərin ölümü ilə nəticələnən yanğınla və Avropa Oyunları ilə bağlı yazılan tənqidi status geniş qarşılıqlı tənqidlərə yol açıb.

“Bu faciə hər bir azərbaycanlının kədəri və faciəsidir. Allah xalqımıza səbri qalıbsa, səbr versin. Heç bir xalq bu qədər haqsızlığa və biabırçılığa dözməz. Xalqın zülmündən milyonlar əldə edən məmurlar çox səbrli xalqımızın qəzəbindən qorxmurlarsa, Allahın qəzəbindən qorxsunlar”, Facebook statusunda qeyd edilib.

Məmmədovun statusunda həmçinin onun adından yazılıb:

“Avropa Oyunlarının məşəldarları siyahısına xalq arasında sevilən parlaq şəxsləri, məsələn, Siyavuş Novruzov (idmançı və millət vəkili), Əhəd Abıyev (intellektual və millət vəkili), gül kimi Hafiz Hacıyev (nəhəng partiyanın rəhbəri) niyə əlavə olunmasın? Ölkənin parlaq “dostları”nı, məsələn, Jirinovski və ya Gennadi Züqanovu da bu siyahıya əlavə etmək olar”.

Bu statuslar ilk öncə keçmiş məhbus Eynulla Fətullayevin rəhbərlik etdiyi haqqın.az saytında, sonra isə digər media və hakmiyyətə yaxın şəxslərin tənqidi ilə qarşılanıb.

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov diplomatın ünvanına çox kəskin ittiham, tənqidlər səsləndirib.

“Uzun müddət Azərbaycanın Avropa İttifaqında nümayəndəliyinin rəhbəri, Avropa Şurası yanında daimi nümayəndəsi, indi isə İslam Əməkdaşlıq Təşkilatı yanında nümayəndəsi Arif Məmmədov Azərbaycan xalqına qarşı hörmətsizlik edib. Buna görə də, o, dərhal tutduğu vəzifədən geri çağırılmalı və ona verilən bütün diplomatik titullar alınmalıdır”, Novruzov qeyd edib.

Diplomatın adından yazılmış statusa Azərbaycan Xarici İşlər Nazirliyi də münasibət bildirib.

“Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) daxili prosedur çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Avropa İttifaqı yanında daimi müşahidəçi missiyasının rəhbəri Arif Məmmədovun sosial şəbəkələrdə yayılan bəyanatı ilə bağlı məlumatı dəqiqləşdirir. Əgər məlumat təsdiqini tapacaqsa, A.Məmmədovun belə davranışı diplomat adına yaraşmır. Bu, qəbuledilməz, məsuliyyətsiz və qeyri-peşəkar davranışdır”, deyə nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev qeyd edib.

Öz növbəsində, A.Məmmədovun statusunda onun adından səslənən ittihamlara cavab verilib.

“Prezidentin son günlər dediklərini təkrarladığım üçün "haqqin.az" saytında ünvanıma axıdılan böyük çirkab seli məni hədsiz təəccübləndirib və hiddətləndirib. Xoşbəxtlikdən Azərbaycanın peşəkar jurnalistləri və bir çox başqaları məni kifayət qədər yaxşı tanıyır və Azərbaycan dövlətçiliyinə, xalqıma sədaqətli olduğumu bilir. İyirmi il ərzində müxtəlif beynəlxalq təşkilatlarda ölkəmin maraqlarını müdafiə etmişəm. Fəxr edirəm ki, bu işin öhdəsindən pis gəlməmişəm. Bu barədə bizim bütün diplomatlar, jurnalistlər və sadə adamlar yaxşı bilir. Təəssüf edirəm ki, mənim profilimi bəyəndiyinə görə bir çox peşəkar diplomatlar da çirkab və təhqir dalğasına məruz qalıb. Həm də ona görə təəssüflənirəm ki, bütün bunları Azərbaycandakı və xaricdəki diplomatik nümayəndəliklər də oxuyur. Ölkənin xarici siyasət idarəsini xəyanətdə ittiham etmək yalnız qeyri-sağlam psixikaya malik adamın ağlına gələ bilərdi. Kimsə bu böhtanın ölkənin imicinə, Qarabağla bağlı danışıqlar prosesinə və digər məsələlərə təsiri barədə heç düşünübmü?

"Dostları" məyus edərək bildirmək istəyirəm ki, mən təmizqanlı azərbaycanlıyam. Mənim başqa qanla qarışığım yoxdur. Bu gün istənilən dürüst adamı "ermənidir" möhürü ilə damğalamaq dəbdədir. Bu saxtakarlığı hazırlayan "dərin düşüncəlilər" başqa nə fikirləşə bilərdi?

Mən Azərbaycanın səfiri kimi, Avropa Şurasının nümayəndə heyətilə birlikdə istintaq təcridxanasında Eynulla Fətullayevlə görüşmüşdüm. Onun gözləri çox kədərli idi və sırf insani baxımdan onun halına acıdım. Mən ondan incimirəm. Qoy onun əməlinə Allah özü qiymət versin. O, sadəcə, çirkin sifarişin icraçısıdır. Bunu hazırlayanların kimliyini mən çox yaxşı bilirəm. Ümid edirəm ki, nə vaxtsa öz səhvlərini başa düşəcəklər və onları da bağışlaya biləcəm”, Arif Məmmədov qeyd edib.

Arif Məmmədov 2000-2006-cı illərdə Azərbaycanın Avropa İttifaqında nümayəndəliyinin rəhbəri, 2007-2012-ci illərdə Azərbaycanın Avropa Şurasında daimi nümayəndəsi olub, hazırda isə İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanında nümayədəsidir.

XS
SM
MD
LG