Accessibility links

Arsen Baqdasaryan 15 il həbsə məhkum edilib


Arsen Baqdasaryan (Foto Kepeztv.az saytından götürülüb)
Arsen Baqdasaryan (Foto Kepeztv.az saytından götürülüb)

Mayın 5-də Gəncə Ağır Cinayətlər Məhkəməsində hökmü ilə 2014-cü il dekabrın 26-da cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini keçən erməni kəşfiyyatçısı Arsen Baqdasaryan 15 il həbsə məhkum edilib.

Kəpəz.tv saytının məlumatına görə, hökmdə qeyd olunub ki, ermənilərin kəşfiyyat-təxribat qrupunun üzvü olan peşəkar hərbi qulluqçu Arsen Baqdasaryan Azərbaycan Cinayət Məcəlləsinin 12 maddəsi ilə ittiham edilib.

Hakim Elbəy Allahverdiyev qanunvericiliyə uyğun olaraq erməni kəşfiyyatçının 20 gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin qərarından Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti vermək hüququnun olduğunu xatırladıb.

1994-cü il aprelin 23-də Azərbaycanın Xankəndi şəhərində anadan olan Arsen Baqdasaryana məhkəmədə Azərbaycan vətəndaşı kimi hökm oxunub. Xatırladaq ki, bundan əvvəl dövlət ittihamçısı Anar Mirkişiyev Arsen Baqdasaryanın cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Erməni kəşfiyyatçının vəkili Ramiz Abdullayev isə məhkəmədən müdafiə etdiyi şəxsə qarşı Cinayət Məcəlləsinin qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə maddəsi üzrə irəli sürülən ittihamın cinayət işindən çıxarılmasını xahiş etmişdi.

Arsen Baqdasaryan son sözündə Ermənistan prezidenti Serj Sarkisyana müraciət edərək Azərbaycanla müharibə aparmağın yanlış olduğunu bildirmişdi.

XS
SM
MD
LG