Accessibility links

Arxeoloqlar Son Tunc-İlk Dəmir dövrünə aid maddi mədəniyyət nümunələri aşkar edib


Yardımlı rayonu (Bakıdan 292 kilometr cənub) Kürəkçi kəndi yaxınlığında Tunc-İlk Dəmir dövrünə aid yeni kurqanlar aşkar edilib.

AMEA-nın məlumatına görə, qazıntı işləri əsasən rayonun Kürəkçi, Alar və Arvana kəndləri ərazisindəki yaylaqlarda mövcud olan kurqanlarda davam etdirilib. Kürəkçi kəndi yaxınlığında Komanı yaylaqlarında aparılmış arxeoloji qazıntılar zamanı kurqanlardan birində sol yanı üstə, az bükülü vəziyyətdə üzü cənub-qərb istiqamətində dəfn edilmiş insan skeleti aşkar olunub. Skeletin yanından tapılmış 1 ədəd sümükdən iy başlığı əmək aləti olmaqla, ipəyirmə sənətində istifadə edilmiş əşyadır. Komanı yaylaqlarında əvvəlki illərlə birlikdə 4 kurqanın qazıntısı başa çatdırılıb.

Rayonun Alar kəndi yaxınlığında Sarıbulaq yaylağında aparılmış arxeoloji qazıntılar zamanı Son Tunc-İlk Dəmir dövrünə aid maddi mədəniyyət nümunələri əldə edilib. Məlum olub ki, Sarıbulaq abidələri əsasən skeletsiz kurqanlar tipinə aid olmaqla, boş xatirat (kenotaf) qəbirləridir.

Arvana kəndi ərazisindəki Qaryatan adlanan yerdə bir kurqanın qazıntısı aparılıb.

Qazıntılar nəticəsində qəbir kamerasında zəngin dəfn adətinə rast gəlinib. Diametri 5 metr olan, ətrafı kromlexşəkilli düzümlü kurqanın qəbir kamerasında üzü şimal istiqamətində, sol yanı üstə, ayaqları dizdən geri qatlanmış insan dəfn edilib. Qəbir avadanlıqları içərisində saxsı qablar - küpə, boşqab, dopu, tuncdan silah nümunələri - xəncər və rapiraşəkilli qılınc, tunc üzük və müxtəlif formalı pasta muncuqlar tapılıb.

Hazırda kurqandan aşkar edilmiş insan skeleti üzərində antropoloji tədqiqatlar aparılır. Kurqanın İlk Dəmir dövrünə - e.ə. I minilliyin əvvəllərinə aid olması ehtimal edilir.

Ekspedisiya tədqiqat müddətində rayonun Qaravuldaş, Ökü, Ostayır, Perimbel və Honuba kəndlərində də kəşfiyyat xarakterli tədqiqatlar aparmaqla yeni kurqanlar və daş qutu qəbir nekropolları qeydə alıb.

"Yardımlı arxeoloji ekspedisiyası" İnstitutun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Anar Ağalarzadənin rəhbərliyi altında arxeoloji qazıntılar aparıb.

XS
SM
MD
LG