Accessibility links

Əsəd qüvvələri Hələbi tank və helikopterlərdən vururlar


Suriya ordusu ölkənin ən iri şəhərinə hücumları genişləndirərək Hələb şəhərində üsyançıların mövqelərini tanklar vəı helikopterlərdən atəşə tutub.

Artilleriya şəhərin Səlahəddin və başqa rayonlarını fasiləsiz bombardman edib. Hələb sakinlərinin çox şəhəri tərk etməyə məcbur olublar.

Suriya İnsan Haqları Müşahidəçiləri qrupunun verdiyi məlumata əsasən ticarət mərkəzi olan şəhər uğrunda döyüşlərdə azı 29 adam həlak olub. Bütün Suriya boyu cərəyan edən toqquşmalarda azı 90 adam ölüb.

Hökumətə məxsus media Hələbdə “döyüşlərin anasının” yaxınlaşdığını xəbər verib. ABŞ, Türkiyə, Britaniya və BMT burada qırğın baş verəcəyindən narahatlıqlarını ifadə ediblər.

Bəşər Əsəd hökumətinin sərt tənqidçisinə çevrilmiş Türkiyə baş naziri Rəcəb Təyyib Ərdoğan ümid etdiyini bildirib ki, Hələbə hücum edən əsədçilərə “Suriyanın həqiqi oğulları layiqli cavab verəcək.”

Fransa prezidenti Fransua Olland BMT Təhlükəsizlik Şurasının üzvlərini situasiyaya təcili müdaxilə etməyə çağırıb.

Bu arada Rusiya Hələbdə "faciə" baş verəcəyindən narahat olduğunu ifadə edərək xarici qüdrətləri üsyançılara dəstək verməməyə çağırıb. Xarici işlər naziri Sergey Lavrov hesab etdiyini bildirib ki, Suriya hökumətindən müxalifətə təslim olmağı gözləmək düzgün olmazdı.
XS
SM
MD
LG