Accessibility links

Prezident seçkilərini AŞPA-nın 40 deputatı müşahidə edəcək


AŞPA həmməruzəçiləri Pedro Aqramunt və Cozef Debono Qrex
AŞPA həmməruzəçiləri Pedro Aqramunt və Cozef Debono Qrex

AŞPA həmməruzəçiləri Azərbaycana səfərlərinin yekununda seçkilər, demokratiya, fikir azadlığı, siyasi məhbuslar, jurnalistlərə təzyiqlər, məhkəmələr barədə danışıb

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt (İspaniya) və Cozef Debono Qrex (Malta) Azərbaycanda oktyabrda keçiriləcək prezident seçkilərinin demokratik standartlara uyğun olması məqsədilə ədalətli seçki kampaniyası üçün şərait yaradılması zərurəti olduğunu bildiriblər.

Bu barədə məruzəçilər Azərbaycana üçgünlük səfərlərinin yekunlarına həsr olunmuş mətbuat konfransında bildiriblər.

Səfər zamanı onlar həm rəsmi şəxslər, həm də QHT və müxalifət nümayəndələri ilə görüşüblər.

Aqramunt qeyd edib ki, həmməruzəçilər hakimiyyəti Bakıda mitinqlər üçün təhlükəsizlik tələblərinə cavab verən, şəhərin mərkəzinə yaxın olan və insanların gediş-gəlişi üçün əlverişli olan yerlərin seçilməsində kompromis tapmağa çağırıblar.

Həmməruzəçilər həmçinin hakimiyyəti fikri ifadə etmək azadlığını təmin etməyə və jurnalistlərə qarşı bütün döyülmə və təzyiq faktlarını araşdırmağa, təqsirkarları məsuliyyətə cəlb etməyə çağırıb.

Həmməruzəçilər həmçinin sonuncu qanunvericilik aktlarının, o cümlədən İnternetdə diffamasiyanın kriminallaşdırılması haqqında qanunun, QHT-lər haqqında qanuna və İnzibati Xətalar Məcəlləsinə düzəlişlərin qəbul edilməsi ilə bağlı narahatlıqlarını bildiriblər.

Aqramuntun sözlərinə görə, rəsmi görüşlər zamanı həmməruzəçilər həbs edilmiş jurnalistlər və fəallar haqqında məsələ qaldırıblar, o, hakimiyyətin diqqətini məhkəmə sistemində mümkün nöqsanlara çəkib.

Bu zaman Aqramunt yerli hüquq müdafiəçilərinin siyasi məhbus hesab etdikləri şəxslərin həbsini qiymətləndirməkdən yayınıb.

“Bizim siyahılarımızda olanlar keçən ilin sonuna qədər azad edilib. Sonradan həbs edilmiş digər şəxslərin işlərinə gəlincə, biz bütün tərəflərin fikrini araşdırmalıyıq”, deyə Aqramunt qeyd edib.

Bununla belə, o, həmməruzəçilər istintaq təcridxanasında müxalifətçilər İlqar Məmmədov və Tofiq Yaqubluya baş çəkdiklərini deyib.

“Görüşlər zamanı bizim təkliflərimiz dinlənilib və ümid edirik ki, onlar yerinə yetiriləcək. Ümid edirik ki, Azərbaycanın yüksək iqtisadi inkişafı ölkənin demokratik inkişafı ilə də müşayiət olunacaq. Qarşıdan gələn seçkilər nəzərə alınmaqla, biz bu inkişafı diqqətlə izləyəcəyik”, deyə Aqramunt bildirib.

Rəsmi şəxslərlə görüşlər zamanı seçki qanunvericiliyinə islahatlar və seçki komissiyalarının formalaşdırılması prinsiplərinin dəyişdirilməsi məsələlərinin müzakirə edilib-edilmədiyi barədə suala cavabda Aqramunt qeyd edib ki, həmməruzəçilər AŞPA və ATƏT müşahidə missiyalarının daha əvvəl təqdim etdiyi tövsiyələrin yerinə yetirilməsini vacib hesab edir.

Həmməruzəçilərin AŞ Venesiya Komissiyasının mənfi rəyini nəzərə alaraq, İlham Əliyevin üçüncü dəfə Azərbaycan prezidenti vəzifəsinə namizədliyinin irəli sürülməsinə münasibəti haqqında suala cavabda Aqramunt deyib ki, bu, onu narahat etmir. Bu zaman o, öz ölkəsini nümunə göstərib, burada prezident funksiyalarını qeyri-məhdud müddət üçün hakimiyyətdə olan kral yerinə yetirir.

Aqramuntun AŞPA-da “kürü diplomatiyası” haqqında hesabata münasibəti haqqında suala cavabda həmməruzəçi deyib ki, “boş şeylərlə bağlı” şərh vermir.

“Bunu Avropa Şurasının düşmənləri uydurur”, deyən Aqramunt əlavə edib ki, eyni şəkildə Ermənistanın “qızılbalıq diplomatiyası” və ya “konyak diplomatiyası” haqqında danışmaq olar.

Səfər zamanı həmməruzəçilər ölkə prezidenti, daxili işlər və ədliyyə nazirləri, baş prokuror, MSK sədri, Ali Məhkəmənin və Vəkillər Kollegiyasının rəhbərləri ilə görüşüblər. Onlar həmçinin Milli Məclisin spikeri, parlamentdə siyasi partiya rəhbərləri, hüquq siyasəti və dövlət quruculuğu üzrə parlament komitəsinin sədri, habelə AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvləri ilə görüşüblər.

Həmməruzəçilər həmçinin Azərbaycanın Aİ qarşısında öhdəliklərinin yerinə yetirilməsinin gedişatı haqqında AŞPA-nın bu ilin yanvarında onların məruzəsi əsasında qəbul etdiyi qətnamənin həyata keçirilməsi zərurətini xatırladıblar.

Bundan başqa, onların hazırki səfəri Azərbaycanda demokratik institutların fəaliyyəti haqqında yeni məruzənin tərtib edilməsi ilə bağlıdır, onlar bu məruzəni 2 il ərzində hazırlamalıdırlar.

Aqramunt və Qreş statuslarına görə Azərbaycanda prezident seçkilərində AŞPA müşahidə missiyasının tərkibinə daxil olacaqlar. Missiya üzvlərinin ümumi sayı təxminən 40 deputat təşkil edəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Antoni Blinken Kyivə əvvəlcədən elan olunmamış səfər edib
please wait

No media source currently available

0:00 0:13:47 0:00
XS
SM
MD
LG