İyulun 27-dən 28-ə keçən gecə Ayın tam tutlması baş verəcək. Ayın tutulması Azərbaycan ərazisində tam müşahidə olunacaq.
Azərbaycan Milli Elmlər Akademiyasının Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov Amerikanın Səsinə müsahibəsində bildirib ki, Ayın tutulması 3 saat 56 dəqiqə, tam tutulma isə 1 saat 43 dəqiqə davam edəcək. Bu, son 100 ildə Ayın ən uzun tam tutulmasıdır.
“Ayın tutulması iyulun 27-də Bakı vaxtı ilə saat 22.24.27-də başlayacaq iyulun 28-də 02.19.00-da başa çatacaq. Bu zaman Ayın tam tutulması saat 23.30.15-də başlayıb saat 00.21.44-də başa çatacaq. Ayın sonuncu ən uzun tutulması (1 dəqiqə 43 saniyə) 2011-ci ildə baş verib”, o qeyd edib.
Ayın tam tutulması saat 23.30.15-də başlayıb saat 00.21.44-də başa çatacaq.
Onun sözlərinə görə, tutulma başlayanda Ayın rəngi azacıq tutqunlaşacaq və sonra kölgə Ayın səthini örtməyə başlayacaq.
“Ay tünd-qırmızı-qəhvəyi rəngə bürünəcək. Rənglərin müxtəlif olması Yer atmosferindəki fiziki şəraitlə bağlıdır. Ayın rənginin qırmızı olması Aydan əks olunan şüaların yer atmosferində Rele səpilməsi (Bu hadisə Günəşin qürub çağında qızarması hadisəsi kimidir) və həm də işığın yer atmosferini keçərkən onun kölgəsində sınması ilə bağlıdır”.
Direktor müavini deyib ki, ayın bu tutulması ekvatorial (mərkəzi) tutulma adlanır.
“Ona görə bu proses həm uzun çəkir, həm də ekvatorial tutulma olduğuna görə dünyanın əksər yerindən görmək mümkündür”.
Alimin dediyinə görə, ekvatorial tutulma zamanı ayın rəngi qan kimi qırmızı olduğundan, buna el arasında “Qanlı Ay” da deyirlər.
“Rəng dəyişikliyi ona görə baş verir ki, bu üfüqə yaxında baş verir. Adətən şüaların yer atmosferində səpilməsi və sınması nəticəsində rəng dəyişikliyi yaranır. Bu Günəşin qürub edəndə rənginin qızarması ilə eyni hadisədir”, o qeyd edib.
Direktor müavini bildirib ki, Ay tutulmasının insanlara psixoloji təsiri ola bilməz.
“Çünki bu hadisə hər il bir neçə dəfə baş verir. Bu planellərin düzülüşü ilə bağlıdır”, o xatırladıb.
Alim bildirib ki, bu Ay tutulmasının bir özəlliyi də var.
“Həmin gün səhər saatlarında (saat 8 ətrafında) Mars planetinin Yerlə böyük qarşıdurma hadisəsi baş berəcək və Mars Yerə 57,8 milyon kilometr məsafəyə qədər yaxın olacaq. Bu hadisə 15-17 ildən bir olur. Əvvəlki 2003-cü ilin avqustunda olub, növbəti isə 2035-ci ilin sentyabrında olacaq”, Xıdır Mikayılov qeyd edib.