Accessibility links

ATƏT Cənubi Qafqazda azadlıq və təhlükəsizlik məsələləri üzrə konfrans keçirir


Oktyabrın 9-da Tbilisidə ATƏT-in Cənubi Qafqazda azadlıq və təhlükəsizlik məsələləri üzrə ikigünlük konfransı açılıb. Tədbirdə region ölkələrindən jurnalistlər, rəsmi şəxslər, həmçinin beynəlxalq ekspertlər iştirak edir.

ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi Arlem Dezir konfransın açılışında deyib ki, Cənubi Qafqazda jurnalistlərin təhlükəsizliyi fundamental ifadə azadlığının tərkib hissəsidir. O, plüralizm azadlığının inkişafının vacibliyini qeyd edib.

Konfransın panelində çıxış edən "Sərhədsiz Reportyorlar" təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya departamentinin direktoru Yohann Bir Azərbaycanda KİV probleminə xüsusi diqqət yönəldib.

O, Azərbaycan hakimiyyətini jurnalist Əfqan Muxtarlını azad etməyə və onun vəkillərinə təzyiqləri araşdırmağa çağırıb.

Yohann Bir qeyd edib ki, Azərbaycanda insan hüquqları pozucularına qarşı Maqnitski qanununda nəzərdə tutulan sanksiyalar tətbiq edilməlidir.

Öz növbəsində Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) sədri Mehman Hüseynov Azərbaycanda bütün siyasi məhbusların azad edilməsinin vacibliyini bildirib. Bu məsələnin həllindən ötrü beynəlxalq təşkilatlar Azərbaycanda insan hüquqları probleminə diqqət yetirməlidirlər.

Jurnalist-frilanser Arzu Qeybulla Azərbaycanda qadın jurnalistlərə təzyiqlər barədə danışıb.

Ermənistan və Gürcüstan nümayəndələri deyiblər ki, onların ölkələrində jurnalistlərin təhlükəsizliyi ilə bağlı vəziyyət pisləşir.

Ermənistan nümayəndəsi ölkədə informasiya əldə etməyin çətinliyini qeyd edib.

Azərbaycan Prezident Administrasiyasının nümayəndəsi Kamran Həsənov Y.Biri Azərbaycana qarşı qərəzlilikdə və qarayaxmada ittiham edib. O həmçinin qeyd edib ki, Əfqan Muxtarlının vəkili Nemət Kərimli prosedura uyğun olaraq axtarışa məruz qalıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndəsi Leyla Abdullayeva deyib ki, Yohann Bir ayrı-ayrı şəxslərin hüquqlarının pozulmasından danışarkən 1 milyon azərbaycanlı qaçqının hüquqlarının pozulmasından danışmayıb.

Öz növbəsində Yohann Bir deyib ki, onun informasiyası daha dərin araşdırmalara əsaslanır. Bu araşdırmalar bütün dünyada aparılır və Azərbaycan mətbuat azadlığı indeksində 166-cı yerdədir.

Mehman Hüseynov deyib ki, onun anasının ölümü barədə rəy indiyədək ailəsinə verilməyib və prokurorluq heç bir araşdırma aparmayıb.

Konfransın proqramına rəqəmsallaşma dövründə keyfiyyətli jurnalistika və kütləvi informasiya vasitələri; siyasi dəyişikliklər zamanında jurnalistlərin təhlükəsizliyi; KİV azadlığı və plüralizm üçün normativ mühit; regionda KİV azadlığının inkişafının ümumi mənzərəsi müzakirə olunacaq.

Şərhlərə bax

XS
SM
MD
LG