Accessibility links

ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə danışıqlar aparıb


Fevralın 16-da ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Stefan Viskonti (Fransa), Endryu Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin Ermənistan xarici işlər naziri Ara Ayvazyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə video-konfrans formatında görüşü keçirilib.

Bu barədə ATƏT-in rəsmi saytı məlumat yayıb.

“ATƏT-in Minsk Qrupu həmsədrləri, fevralın 16-da Ermənistan xarici işlər naziri Ara Aivazian və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə videokonfrans formatında ayrı-ayılıqda görüş keçiriblər. ATƏT-in fəaliyyətdə olan sədrinin Şəxsi Nümayəndəsi Andjey Kasprşik görüşlərə qatılıb. Həmsədrlər nazirlərlə bölgədə sabitliyin təşviqi, vasitəçilik prosesi və ATƏT-in fəaliyyətdə olan sədrinin Şəxsi Nümayəndəsinin rolu ilə əlaqədar substantiv fikir mübadiləsi aparıblar,” ATƏT-in Minsk Qrupunun həmsədlərinin birgə açıqlamasında deyilir.

Azərbaycan Xarici İşlər Nazirliynin Mətbuat Xidməti İdarəsinin məlumatında isə deyilir ki, görüşdə tərəflər bölgədə mövcud olan cari vəziyyəti, o cümlədən 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.

“Bölgədə dayanıqlı sülh və təhlükəsizliyin təmin edilməsi üçün etimadın bərpa olunması və əminamanlıq şəraitində birgəyaşayışın həyata keçirilməsinin vacibliyi vurğulanıb,” Xarici İşlər Nazirliyi bildirilir.

Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən hərbi əməliyyatlar başlayıb və bu 30 illlik münaqişənin davamı olub.

Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində üç yüzdən çox yaşayış məntəqəsini, o cümlədən 5 rayonu, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri döyüş əməliyyatlarının dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.

Razılışmaya əsasən Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini təmin edib və ermənilərin nəzarətində olan bütün ərazilər qaytarılıb.

Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyor, 380 ədəd avtomobil və xüsusi texnika yerləşdirilib.

Azərbaycanın Ağdam rayonu ərazisində atəşə nəzarət etmək üçün Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətə başlayıb.

Birgə bəyanatda iqtisadi və nəqliyyat əlaqələrinin, kommunikasiyaların bərpa olunması, Naxçıvanla Azərbaycanın əlaqəsini bərpa edəcək Meğri dəhlizinin açılması, hərbi əsirlər, digər saxlanılan şəxslərin və ölənlərin cəsədlərinin dəyişdirilməsi əksini tapıb.

2021-ci il yanvarın 11-də Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin 10 noyabr bəyanatında nəzərdə tutulanların həyata keçirilməsi məqsədi ilə üç ölkənin hökumətlərinin sədr müavinlərinin birgə həmsədrliyi ilə Üçtərəfli İşçi Qrupunun yaradılması barədə razılığa gəlib.

İşçi qrupu artıq iki görüş keçirib və bölgədə kommunikasiyaların bərpa edilməsi məsələlərini müzakirə edib.

Şərhlərə bax

XS
SM
MD
LG