Accessibility links

ATƏT-in Minsk Qrupunun həmsədrləri birgə bəyanatla çıxış edib


ATƏT-in Minsk Qrupunun həmsədrləri (İqor Popov – Rusiya, Stefan Viskonti – Fransa və Endryu Şofer – ABŞ) Bakı və Yerevana səfərlərinin yekununa dair birgə bəyanatla çıxış edib. Bəyanat ATƏT-in rəsmi saytında yayılıb.

Sənəddə deyilir ki, fransalı həmsədr Stefan Viskonti və amerikalı həmsədr Endryu Şofer dekabrın 12-də və 13-də Bakıya və dekabrın 13-də və 14-də Yerevana səfər ediblər. Bakıda onlar prezident Əliyev tərəfindən qəbul edilib və xarici işlər naziri Bayramovla görüşüblər.

Yerevanda onları baş nazir Paşinyan və xarici işlər naziri Ayvazyan qəbul edib. Rusiyalı həmsədr İqor Popov səfərdə iştirak edə bilmədiyinə görə Bakıda Rusiya Federasiyasını Rusiyanın səfiri Mixail Boçarnikov, Yerevanda isə Rusiyanın işlər vəkili Aleksey Sinequbov təmsil edib.

Həmsədrlər həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinin və BMT agentliklərinin regionda fəaliyyət göstərən nümayəndələri ilə görüşüblər. Fəaliyyətdə olan sədrin şəxsi nümayəndəsi Andjey Kaspşik də bütün görüşlərdə iştirak edib.

“Hər iki paytaxtda tərəflər yerlərdə vəziyyətə qiymət veriblər və gələn il həmsədrlərlə qarşılıqlı fəaliyyətlə bağlı gözləntilərini dilə gətiriblər. Yeni reallıqları nəzərə alan həmsədrlər regionda sülh, sabitlik və inkişafa yardım və həll edilməmiş məsələlərin həlli məqsədilə tərəflərlə konstruktiv qarşılıqlı fəaliyyətə dəyişməz sadiqliklərini təsdiq ediblər. Həmsədrlər həmçinin görüşlər zamanı qaldırılmış məsələlərlə bağlı tərəflər arasında müzakirə edilməsi üçün konkret təkliflər təqdim etmək öhdəliyi götürüblər.

Bu yaxınlarda tələfata səbəb olmuş insidentlərlə bağlı məlumatlara toxunan həmsədrlər tərəfləri öhdəliklərinə uyğun olaraq vəziyyətin sabitləşməsi üçün əlavə tədbirlər görməyə çağırıblar. Həmsədrlər Ermənistanı və Azərbaycanı bütün saxlanılan şəxslərin dəyişdirilməsini mümkün qədər tez başa çatdırmağa və meyitlərin kimliyinin müəyyən edilməsini və vətənə qaytarılmasını sürətləndirməyə çağırıblar.

Minsk Qrupunun həmsədri olan ölkələrin dekabrın 3-də Tiranda verdikləri bəyanata istinad edən həmsdərlər qalan bütün əsas məsələlərin hərtərəfli və sabit həlli ilə bağlı vahid mövqelərini təsdiq edirlər. Həmsədrlər və tərəflər daha müsbət mühit yaradılması üçün təxribat xarakterli ritorikanın azaldılmasının əhəmiyyətini qeyd ediblər. Həmsədrlər və tərəflər münaqişədən ziyan çəkmiş əhaliyə humanitar yardım göstərilməsi, habelə mədəni və dini irsin qorunması üçün beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlığın əhəmiyyətini qeyd ediblər,” birgə bəyanatda qeyd edilir.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında hərbi əməliyyatlar sentyabrın 27-də başlayıb. Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində üç yüzdən çox yaşayış məntəqəsini, o cümlədən 5 rayonu, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra üçtərəfli bəyanat imzalanıb.

Razılışmaya əsasən Ermənistan noyabrın 25-dək Kəlbəcər rayonunu, noyabrın 20-dək Ağdam rayonu və Qazax rayonunun ərazisindəki kəndləri, dekabrın 1-dək isə Laçın rayonunu qaytarmaq öhdəliyi götürüb. Artıq Ağdam, Kəlbəcər və Laçın rayonları Azərbaycanın nəzarətinə qaytarılıb.

Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyor, 380 ədəd avtomobil və xüsusi texnika yerləşdirilib.

Tərəflər razılığa gəlib ki, münaqişə tərəfləri tərəfindən razılaşmaların həyata keçirilməsinə nəzarətin effektivliyini artırmaq üçün atəşkəsə nəzarət etmək üçün Türkiyə və Rusiya hərbçilərindən ibarət Sülhməramlı Mərkəz yaradılsın. Bu məqsədlə noyabrın 11-də Rusiya ilə Türkiyə arasında müqavilə imzalanıb. Ankaraya səfər edən Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti və Türkiyə Milli Müdafiə Nazirliyi noyabrın 13-14-də Türkiyə-Rusiya Monitorinq Mərkəzinin təşkili məsələlərini müzakirə edib.

Türkiyə Böyük Millət Məclisi bu ölkənin Silahlı Qüvvələrinin Azərbaycanda Birgə Monitorinq Mərkəzi qurulmasında iştirakına icazə verib.

Rəsmi mənbələr bildirib ki, Türkiyə-Rusiya Monitorinq Mərkəzi Azərbaycanın Ağdam rayonunda qurulmaqdadır.

XS
SM
MD
LG