Accessibility links

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşüb


ATƏT-in Minsk qrupu - bayraqlar
ATƏT-in Minsk qrupu - bayraqlar

Noyabrın 10-da YUNESKO-nun Baş Konfransında iştirak məqsədi ilə Parisə səfəri çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ-dan Endryu Şafer, Fransadan Bris Rökföy və Rusiyadan İqor Xovayev ilə, habelə həmsədrlərin iştirakı ilə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə görüşləri olub.

Görüşlərdə həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iştirak edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatında deyilir ki, görüşlərdə bölgədə yaranmış yeni reallıqları nəzərə alaraq, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov Azərbaycanın münaqişə sonrası vəziyyətlə bağlı mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb.

İki nazirin görüşündən öncə Fransanın xarici işlər naziri Jan-İv le Drian Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüb. Fransalı nazir həmkarlarını ayrı-ayrılıqda qəbul edib. Daha sonra görüş üç nazir arasında baş tutub.

Görüş zamanı Jan-İv le Drian Fransanın Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olması naminə tərəflər arasında dialoqun intensivləşməsinə yardım etmək istəyini deyib.

“Nazir Lö Drian Azərbaycana minaların təmizlənməsi prosesinə yardım etməyə hazır olduğunu bəyan edib və bu xüsusda, ANAMA ilə əməkdaşlığa hazırlıq ifadə edilib. Həmçinin, birinci Qarabağ müharibəsindən itkin düşən şəxslərin axtarışı ilə əlaqədar prosesin Fransa üçün əhəmiyyət kəsb etdiyi qeyd edilib. Nazir Lö Drian, habelə Azərbaycan və Ermənstan arasında münasibətlərin normallaşdırılmasının vacibliyini bildirib və ATƏT-in Minsk Qrupunun bu xüsusda önəmli format ola biləcəyini vurğulayıb,” Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Nazirlərin görüşləri Azərbaycan və Ermənistan arasında gərginliyin artan xətlə inkişaf etdiyi bir vaxta təsadüf edir.

Gərginliyin artması Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun noyabrın əvvəlində Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşünün olacağı ilə bağlı yaydığı məlumatdan sonra başlayıb.

Müşahidəçilərin firkincə, liderlərin görüşündə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi, həmçinin Naxçıvan Muxtar Respublikasını Azərbaycanla birləşdirəcək Meğri dəhlizi də daxil olmaqla, bütün kommunikasiya xətlərinin açılacağı barədə sənəd imzalanacağı gözlənilir.

Noyabr ayının birinci ongünlüyündə Rusiya xarici işlər nazirinin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə iki dəfə telefon danışığı olub. Bundan sonra Ermənistanın müdafiə naziri Dağlıq Qarabağda olub. Müdafiə nazirinin Rusiya hərçilərinin nəzarət zonasından keçərək Dağlıq Qarabağa gəlməsi Azərbaycan tərəfindən pislənilib. Ermənistan müdafiə nazirinin Dağlıq Qarabağda erməni hərbiçiləri ilə görüşü və Azərbaycan hərbiçilərinin yerləşdiyi mövqeləri müşahidə etdiyi barədə rəsmi video yayılıb. Bunun ardınca Dağlıq Qarabağın erməni icmasının xarici işlər naziri kimi təqdim edilən şəxs Dağlıq Qarabağın erməni icmasının heç zaman Azərbaycanın tərkibində olmayacağını bildirib. Beləliklə, gərginlik artmaqda davam edib. Dağlıq Qarabağda və iki ölkənin səhədlərində silahlı insidentlər qeydə alınmağa başlayıb.

Ermənistan və Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri (ABŞ, Rusiya və Fransa) münaqişə dövründə tərəflər arasında siyasi həll yolu ilə bağlı vasitəşilik missiyası həyata keçirsələr də, hər hansı irəliləyişə nail ola bilməyib.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən hərbi əməliyyatlar başlayıb və bu, 30 illik münaqişənin davamı olub.

Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində 300-dən çox yaşayış məntəqəsi, o cümlədən 5 rayon, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri döyüş əməliyyatlarının dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.

Razılaşmaya əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb.

Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyoru, 380 ədəd avtomobil və xüsusi texnikası yerləşdirilib.

Azərbaycanın Ağdam rayonu ərazisində atəşkəs rejiminə nəzarət etmək üçün Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətə başlayıb.

Birgə bəyanatda iqtisadi və nəqliyyat əlaqələrinin, kommunikasiyaların bərpa olunması, Naxçıvanla Azərbaycanın əlaqəsini bərpa edəcək Meğri dəhlizinin açılması, hərbi əsirlər, digər saxlanılan şəxslərin və ölənlərin cəsədlərinin dəyişdirilməsi əksini tapıb.

2021-ci il yanvarın 11-də Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən başlayan döyüş əməliyyatlarının dayandırılması barədə 10 noyabr üçtərəfli bəyanatında nəzərdə tutulanların həyata keçirilməsi məqsədi ilə üç ölkənin hökumətlərinin sədr müavinlərinin birgə həmsədrliyi ilə Üçtərəfli İşçi Qrupunun yaradılması barədə razılığa gəlib.

İşçi qrupu bir neçə görüş keçirib və bölgədə kommunikasiyaların bərpa edilməsi məsələlərini müzakirə edib.

XS
SM
MD
LG