Accessibility links

ATƏT Minsk Qrupunun keçmiş amerikalı həmsədrləri sərhəddə baş vermiş toqquşmaya münasibət bildirdilər


Ceyms Uorlik və Keri Kavano

İyulun 12-dən başlayaraq Azərbaycan-Ermənistan arasındakı beynəlxalq sərhəddə silahlı toqquşma baş verib. Rəsmi məlumatlara görə, nəticədə Azərbaycanın 12 hərbi qulluqçusu, 1 mülki şəxsi, Ermənistanın 4 hərbi qulluqçusu həlak olub. Hər iki tərəfdə yaralıların olduğu haqda məlumat verilib.

ATƏT Minsk Qrupunun həmsədrləri Azərbaycan-Ermənistan sərhədində atəşkəsin pozulması ilə bağlı 13 iyulda bəyanat yayıb. Onlar bəyanatda tərəfləri tez bir zamanda danışıqları bərpa etməyə çağırıblar.

Ceyms Uorlik
Ceyms Uorlik

Amerikanın Səsi Azərbaycan və Ermənistan arasındakı son qarşıdurma, Minsk Qrupunun sülh prosesindəki səyləri və ABŞ-ın münaqişənin həllindəki rolunu müzakirə etmək üçün ATƏT Minsk Qrupunun sabiq amerikalı həmsədrləri Ceyms Uorlik və Keri Kavano ilə əlaqə saxlayıb.

Son toqquşmaların səbəbinə toxunan Kavano münaqişəni kimin başladığını deməyin çətin olduğunu bildirib. O, toqquşmanın təsadüfən baş verə bildiyini istisna etməyib. Onun fikrincə, hazırda - ələlxüsus da koronavirus pandemiyası dönəmində döyüşmək heç bir tərəfin marağında deyil.

“Fikrimcə, hazırda hər iki ölkədə daha mühüm daxili problemlər var. Mən bunun düşünülmüş bir qərar olduğuna inanmıram,” o deyib.

Kavanonun fikrincə Minsk Qrupunun həmsədrliyi ilə danışıqlar prosesinin irəliləməsi üçün hər iki ölkənin rəhbərliyi bu prosesdə iştirak etməlidir. O, bunun dana öncə bir neçə dəfə baş verdiyini, lakin son zamanlar ölkə rəhbərliklərinin hər hansı həll yolu tapmaq prosesində nailiyyət əldə edə bilmədiyini söyləyib.

ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri
ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri

“Minsk Qrupunun işi həll yolu tapıb Yerevan və Bakıya təqdim etmək deyil. Onun işi ölkə rəhbərliklərinə işləyəcək bir həll yolunun tapılması üçün yol göstərməkdir,” Kavano söyləyib.

Regiondakı qüvvələrin son toqquşmalarla bağlı bəyanatlarına toxunan Kavano deyib ki, münaqişəyə dinc həll yolunun tapılması və vəziyyətin sabitləşməsi regiondakı hər kəsin xeyrinədir.

“Xarici qüvvələr həll yolu istəyir. Onlar irəliləyişdə maraqlıdırlar. Buna görə də bəyanatların heç biri məni təəccübləndirmir,” o bildirib.

Birləşmiş Ştatların Azərbaycanla Ermənistan arasında razılığın əldə olunmasına hansı yardımının ola biləcəyi ilə bağlı suala cavab olaraq Kavano deyib ki, ABŞ hər zamanı həll yolu tapmağa yardım etməyə hazırdır. Lakin onun sözlərinə görə, əsas məsələ hər iki ölkə rəhbərliyinin buna hazır olub-olmamasından asılıdır.

ATƏT Minsk Qrupunun digər keçmiş həmsədri Ceyms Uorlik son toqquşmalara istinadən son zamanlarda hər iki tərəfdə məyusluğun olduğunu və bunun münaqişə riskini artırdığını bildirib.

Onun sözlərinə görə, hər iki ölkədəki vəziyyəti nəzərə aldıqda tərəflərin güzəştə gedib, sülh prosesində irəliləyiş əldə etməsi hazırda mümkün görünmir.

“Hər kəsin sülhün dəyərinin münaqişənin davam etdirilməsindən daha vacib olduğunu dərk etdikləri bir danışıq prosesi olmalıdır,” o deyib.

Minks Qrupuna yönəlik təndiqlərə cavab olaraq Uorlik söyləyib ki, problem Minsk Qrupunun formatı və ya vasitəçilər deyil. Onun fikrincə, problem hər iki tərəfin höküməti və insanları arasında münaqişəyə son qoymaq istəyinin mövcud olmamasındadır.

“Məni naraht edən odur ki, hər iki ölkədə sentimentlər yaxınlaşmaq əvəzinə bir-birindən daha da uzaqlaşıb. Mənim fikrimcə bu, münaqişə riskini artırır,” o deyib.

Uorlikin sözlərinə görə, münaqişə zonasından uzaqda, beynəlxalq sərhəddə bu cür münaqişənin olma riski çox təhlükəlidir və hər iki tərəf böyük bədəllər ödəyə bilər. O, gərginliyin arta biləcəyindən narahat olduğunu söyləyib.

“Əgər gərginlik artsa, bu, Ermənistanla Azərbaycan arasında çox çirkin və təhlükəli dərəcədə qanlı bir müharibəyə çevrilə bilər. Və bunu nəzarət altına almaq çox çətin olacaq,” o deyib.

Uorlik ABŞ-ın regionda sabitliyin olmasında maraqlı olduğunu söyləyib. Onun sözlərinə görə, ABŞ özünü həm Azərbaycanın, həm də Ermənistanın dostu hesab edir və regionda xaosun yaranamasını istəmir.

O, ABŞ-ın Cənubi Qafqaz regionunda passivliyinin qəbul edilməz olduğunu vurğulayıb. Onun fikrincə ABŞ, Rusiya, Fransa və digər ölkələrin liderləri bu məsələni gündəmdə saxlamalıdırlar. “Məncə bizim üzləşdiyimiz təhlükə odur ki, bu məsələ unudulur və biz zorakılıqların artdığını, sülh prosesinə öhdəliyin olmadığını müşahidə edirik. Məncə bu səbəbdən təhlükə artıb. Bu səbəbdən də beynəlxalq vasitəçilik mühümdür.”

Şərhlərə bax

XS
SM
MD
LG