Accessibility links

ATƏT missiyası: Biz müşahidə etməyə gəlmişik və əvvəlki seçkilərlə müqayisə aparmayacağıq


ATƏT missiyası: Biz müşahidə etməyə gəlmişik və əvvəlki seçkilərlə müqayisə aparmayacağıq
please wait

No media source currently available

0:00 0:02:23 0:00

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə edəcək missiyasının açıldığını elan edib.

İsveçli diplomat, səfir Peter Tejlerin rəhbərlik etdiyi missiyaya 12 ekspert daxildir.

Yanvarın 14-də onlara ölkə boyunca yerləşdiriləcək 30 uzunmüddətli müşahidəçi qoşulacaq. Digər 350 qısamüddətli müşahidəçi isə birbaşa seçkilərə gələcək.

Peter Tejler mətbuat konfransında bildirib ki, missiya Azərbaycan hökumətinin dəvəti ilə və ehtiyacların qiymətləndirilməsi missiyasının ölkəyə səfərindən sonra baş tutub.

O qeyd edib ki, missiyanın seçkilərlə bağlı öncədən formalaşmış fikri yoxdur.

"Biz müşahidə etməyə gəlmişik və əvvəlki seçkilərlə müqayisə aparmayacağıq," o vurğulayıb.

Missiya parlament seçkilərinin ATƏT öhdəliklərinə, digər beynəlxalq standartlara, demokratik seçkilərin keçirilməsi üzrə öhdəliklərə və milli qanunvericiliyə nə dərəcədə uyğunluğunu qiymətləndirəcək.

Müşahidəçilər namizədlərin qeydiyyatını, seçkiqabağı təşviqatı, seçki administrasiyasının və müvafiq dövlət qurumlarının işini, şikayətlərə baxılmasını izləyəcəklər. Müşahidə çərçivəsində missiya həmçinin kampaniyanın KİV-də işıqlandırılmasını izləyəcək.

O deyib ki, seçkilərlə bağlı heç bir şərh olmayacaq, yalnız hesabatların - səsvermədən sonrakı gün seçkilərin nəticələrinə dair ilkin və iki ay sonra yekun - açıqlanması nəzərdə tutulur.

Daha sonra Tejler jurnalistlərin suallarını cavablandırıb.

O, Amerikanın Səsinin parlament seçkiləri dövründə medianın vəziyyəti ilə bağlı verdiyi sualın cavabında bunları deyib: "Ölkədə medianın vəziyyəti diqqətimizdən yayınmayacaq. Biz medianın monitorinqini həyata keçirəcəyik".

“Azərbaycanda hər seçkilərdən sonra ATƏT-in tövsiyələrinə əməl olunurmu?” sualının cavabında Tejler bildirib: “Biz tövsiyələri izləyirik, çoxlu tövsiyələr təqdim olunub, amma biz onların yerinə yetirilməsinə cavabdeh deyilik."

Dekabrın 5-də Azərbaycan prezidenti növbədənkənar parlament seçkilərinin 2020-ci il fevralın 9-na təyin edilməsi barədə sərəncam imzalayıb.

Müxalifət qüvvələrindən Demokratik Qüvvələrin Milli Şurası, Xalq Cəbhəsi və Haqq Ədalət Partiyaları seçkiləri boykot edir. Bu qurumlar seçkiləri boykot etmələrini ölkədə azad və ədalətli seçkilərin keçirilməsi üçün şəraitin olmaması ilə əsaslandırır. Dövlət rəsmiləri və Mərkəzi Seçki Komissiyası isə azad və demokratik seçkilərin keçirilməsi üçün lazım olan bütün şəraitin yaradıldığını bəyan edir.

Şərhlərə bax

XS
SM
MD
LG