Accessibility links

ATƏT sədri Azərbaycan və Ermənistana səfərinin yekunları ilə bağlı bəyanat yayıb


ATƏT-in fəaliyyətdə olan sədri, İsveç xarici işlər naziri Ann Linde Azərbaycan və Ermənistana işgüzar səfəri ilə bağlı bəyanatlarla çıxış edib. Fəaliyyətdə olan sədr martın 15-16-da Azərbaycan və Ermənistanda səfərdə olub, ölkə rəhbərləri ilə danışıqlar aparıb.

Sədr Linde bildirir ki, Azərbaycanda görüşlər zamanı ATƏT-in əməkdaşlıq, regional perspektivlər və ATƏT-in təhlükəsizliyin hər üç prinsipi çərçivəsində götürdüyü öhdəliklərin həyata keçirilməsində Azərbaycana dəstək, habelə sülh prosesi və davam edən həll müzakirələri ilə bağlı məsələlər müzakirə mövzusu olub.

“Səfər mənə ATƏT-in İsveç sədrliyinin prioritetlərini müzakirə etmək imkanı verdi. Bizim diqqətimiz ATƏT-in Avropa Təhlükəsizlik təşəbbüsünü qorumaq, ATƏT-in hərtərəfli təhlükəsizlik konsepsiyasını dəstəkləmək və münaqişələrin həllinə yönəltmək üçün təməl prisiplərinə yönəlib. ATƏT-in münaqişələrin həllinə töhfə vermək üçün güclü bir mandatı var və mən Minsk prosesində davamlı əlaqəni tamamilə dəstəkləyirəm,” o qeyd edib.

Səfər zamanı xanım Linde qadınlar, sülh və təhlükəsizlik gündəmində irəliləyişin artırılmasının vacibliyini vurğulayıb, beynəlxalq humanitar hüquq və insan haqları da daxil olmaqla ATƏT prinsiplərinə, beynəlxalq hüquqa hörmət edilməsinin vacibliyini vurğulayıb. Bu mənada nazir Linde məhbuslarla əlaqədar olaraq 10 noyabr atəşkəs bəyanatının tam həyata keçirilməsinin vacibliyini deyib. O, həmçinin etimadın yaradılması səylərinə ehtiyac olduğunu və beynəlxalq aktyorların ölkəyə maneəsiz girişinin vacibliyini bildirib.

“ATƏT son illər sülhü inkişaf etdirmək və hərtərəfli, davamlı tənzimləməyə töhfə vermək üçün beynəlxalq səylərə rəhbərlik edir. Fəaliyyətdə olan sədr olaraq Minsk Qrupu həmsədrlərinin və şəxsi nümayəndəmin davamlı fəaliyyətini tamamilə dəstəkləyirəm. ATƏT-in və bütövlükdə beynəlxalq ictimaiyyətin həll olunmamış münaqişələrin həllində və irəliləyişdə mühüm rolu var,” o qeyd edib.

ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde Ermənistana işgüzar səfərininin yekunları ilə bağlı bildirib ki, səfər zamanı ATƏT prinsiplərinə hörmətlə yanaşaraq münaqişə kontekstində həll olunmayan məsələlərdə irəliləyişin, xüsusilə beynəlxalq humanitar hüquq və insan haqları da daxil olmaqla beynəlxalq hüquqa hörmət edilməsinin vacibliyini vurğulayıb. Bu mənada, Linde saxlanılanlarla bağlı üçtərəfli 10 noyabr atəşkəs bəyanatının tam həyata keçirilməsinin vacibliyini deyib. Eyni zamanda, etimadın gücləndirmə səylərinə və beynəlxalq aktyorların yerlərdə maneəsiz çıxışına ehtiyac olduğunu bildirib.

“Fəaliyyətdə olan sədr olaraq, Minsk Qrupu həmsədrlərinin və şəxsi nümayəndəmin sülhü inkişaf etdirmək və hərtərəfli, davamlı nizamlanmaya töhfə vermək səylərindəki işlərini tamamilə dəstəkləyirəm. ATƏT-in və bütövlükdə beynəlxalq ictimaiyyətin həll olunmamış münaqişələrin həllində və irəliləyişdə mühüm rolu var,” o qeyd edib.

Görüşlərdə mövcud əməkdaşlıq sahələri və ATƏT-in üç təhlükəsizlik prinsipi çərçivəsində öz öhdəliklərini yerinə yetirməsində Ermənistana verdiyi dəstək də müzakirə edilib.

“Yerevanda müzakirə etdiyim prioritetlər ATƏT-in Avropa Təhlükəsizlik təşəbbüsü, ATƏT-in hərtərəfli təhlükəsizlik konsepsiyasını qorumaq və münaqişələrin həllinə diqqət yetirmək ATƏT-in əsas vəzifəsidir. Qadınlar, Sülh və Təhlükəsizlik gündəmini də inkişaf etdirməyimiz çox vacibdir,” nazir Linde deyib.

Dağlıq Qarabağda Ermənistan və Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

Münaqişənin nizamlanması üzrə vasitəçilik missiyasını həyata keçirmək məqsədi ilə 1992-ci ildə ATƏT-in Minsk Qrupu yaradılıb. Minsk Qrupu 28 illik vasitəçiliyi dövründə tərələr arasında barışıq üçün əhəmiyyətli tərəqqiyə nail ola bilməyib.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən hərbi əməliyyatlar başlayıb.

Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində 300-dən çox yaşayış məntəqəsi, o cümlədən 5 rayon, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri döyüş əməliyyatlarının dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.

Razılışmaya əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb.

Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyoru, 380 ədəd avtomobil və xüsusi texnikası yerləşdirilib.

Azərbaycanın Ağdam rayonu ərazisində atəşkəs rejiminə nəzarət etmək üçün Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətə başlayıb.

Birgə bəyanatda iqtisadi və nəqliyyat əlaqələrinin, kommunikasiyaların bərpa olunması, Naxçıvanla Azərbaycanın əlaqəsini bərpa edəcək Meğri dəhlizinin açılması, hərbi əsirlər, digər saxlanılan şəxslərin və ölənlərin cəsədlərinin dəyişdirilməsi əksini tapıb.

2021-ci il yanvarın 11-də Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş Naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin 10 noyabr bəyanatında nəzərdə tutulanların həyata keçirilməsi məqsədi ilə üç ölkənin hökumətlərinin sədr müavinlərinin birgə həmsədrliyi ilə Üçtərəfli İşçi Qrupunun yaradılması barədə razılığa gəlib.

İşçi qrupu artıq bir neçə görüş keçirib və bölgədə kommunikasiyaların bərpa edilməsi məsələlərini müzakirə edib.

XS
SM
MD
LG