Accessibility links

Ata: Mehman Hüseynovdan qida qəbul etməsini xahiş etdim


Rafiq Hüseynov

“Bu gün, yanvarın 8-də 1 saylı Bakı İstintaq Təcridxanasında oğlum Mehman Hüseynovla bir saatdan çox müddətdə görüşdüm. Cəzaçəkmə müəssisəsinin rəisi görüş üşün şərait yaratdı və dedi ki, hər həftə oğlumla görüş üçün şərait yaradılacaq”. Bu barədə bloger Mehman Hüseynovun atası Rafiq Hüseynov oğlu ilə ilk görüşündən sonra Amerikanın Səsinə müsahibəsində bildirib.

Ata: Mehman Hüseynovdan qida qəbul etməsini xahiş etdim
please wait

No media source currently available

0:00 0:02:14 0:00

Xatıraladaq ki, bundan öncəki günlərdə ata oğlu ilə görüşə buraxılmamışdı.

Xahiş etdim ki, qida qəbul etsə yaxşıdır. Yüz ilin ölüsündən bir günün dirisi yaxşıdır.
Rafiq Hüseynov

Onun sözlərinə görə, oğlu aclığı davam etdirir, durumu zəifdir.

“Mehman mənimlə görüş zamanı bir az yuxulayan kimi idi. Görünür zəifləyib. Ona dedim, qida qəbul etsin, nə istəyir alım aparım,” ata qeyd edib.

Rafiq Hüseynov oğlu üçün ərzaq sovqatı da aparıb.

“Dedim alma, nar, müxtəlif meyvələr almışam. Xahiş etdim qida qəbul etsin, qəbul etməsə də apardığım sovqatı kamera yoldaşlarına versin. Bilmirəm xahişimə qulaq asıb qida qəbul edəcək, yoxsa qəbul etməycək. Onu bilmirəm. Amma xahiş etdim ki, qida qəbul etsə yaxşıdır. Yüz ilin ölüsündən bir günün dirisi yaxşıdır.”

Ata oğlundan onun cəzaçəkmə müəssisəsinin zabitini vurub-vurmamasını da soruşub.

“Dedim, oğlum, mənə düzünü danış, onu vurubsansa (Mehman Hüseynova qarşı yeni cinayət işində zərərçəkən kimi tanınan 14 saylı Cəzaçəkmə Müəssisəsinin inspektoru, zabit Əli Abdalov nəzərdə tutulur-red.) cəzanı çək. Dedi, ata həmin vaxt orada olmamışam. Mən həmin zaman başqa yerdə oturub çay içmişəm. Heç orada olmamışam. İddialar uydurmadır, yalandır.”

Rafiq Hüseynov bu gün Qırmızı Xaç Komitəsinin nümayəndələrinin də Mehman Hüseynova baş çəkməyə getdiyini bildirib.

“Yəqin onları da görüşə buraxarlaq,” o qeyd edib.

Həbsdə olan bloger Mehman Hüseynova qarşı 2018-ci il dekabrın 26-da yeni cinayət işi başlanılıb. O, 14 saylı Cəzaçəkmə Müəssisəsinin əməkdaşına xəsarət yetirməkdə ittiham olunur. Bloger ittihamın yalan və böhtan olduğunu bildirib. O, dekabrın 26-dan etiraz olaraq quru aclığa başladığını bəyan edib. Hazırda bloger su içsə də qida qəbulundan imtina etməkdə davam edir. Blogerin aclıq aksiyasına ictimaiyyət dəstək verməkdədir. İndi ondan çox insan Hüsenyova dəstək məqsədi ilə aclıq edir.

Blogerə qarşı yeni cinayət işinin qaldırılması beynəlxalq ictimaiyyət tərəfindən də tənqidlərlə qarşılanıb. ABŞ Senatoru Marko Rubio, Sərhədsiz Reportyorlar Təşkilatı, PEN Amerika, AŞPA-nin Azərbaycan üzrə məruzəçiləri, Avropa Şurasının insan hüquqları üzrə komissarı və digərləri bəyanatlarla çıxış edib.

Mehman Hüseynov
Mehman Hüseynov

Mehman Hüseynov 2017-ci il martın 3-də 2 il azadlıqdan məhrum edilib. O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılıb - polisə böhtan atmaqda təqsirli bilinib.

Bloger həbsinin sosial şəbəkələrdə yaydığı ifşaedici videolarla bağlı olduğunu bildirib.

Mehman Hüseynov çəkdiyi videolarda hökumətin fəaliyyətini tənqid edib, yüksək vəzifəli şəxslərin, deputatların olduğu deyilən bəzi mülklər barədə süjetlər hazırlayaraq sosial şəbəkələrdə yayıb. Videolar geniş ictimai müzakirələrə yol açıb. Onun Facebook səhifəsinin 350 minə yaxın izləyicisi var.

Bununla yanaşı, rəsmi Bakı bütün fundamental azadlıqların tam təmin edildiyini, fikrinə, siyasi əqidəsinə görə insanların həbs edilmədiyini bildirir.

Beynəlxalq təşklatlar isə Azərbaycanda 10 jurnalist və blogerin həbsdə olduğunu bəyan edir.

Amnesty İnternational ölkədə ondan çox insanı vicdan məhbusu elan edib.

XS
SM
MD
LG