Accessibility links

Atlantika Şurasında "Qafqazda koronavirusla bağlı dezinformasiya" müzakirə olunub


Leyla Mustafayeva
Leyla Mustafayeva

Atlantika Şurası COVID-19 pandemiyasının Qafqazda informasiya mühitinə təsiri ilə bağlı onlayn müzakirə keçirib. Müzakirədə jurnalist Leyla Mustafayeva da çıxış edib. Onun sözlərinə görə Azərbaycanda koronavirusla bağlı yanlış məlumat yayan iki qrup var. Bunlardan biri hökümətin özüdür, digəri isə xaricdən video və digər məlumatlar yayan mənbələrdir. Leyla Mustafayeva deyir ki, hər şey mart ayında koronavirusla bağlı qanun layihələrinin qəbul edilməsi ilə başlayıb.

“Qanun birinci oxunuşda qəbul edildi, baxmayaraq ki, bu cür qanunlar 3-cü oxunuşda qəbul edilməlidir”, Leyla Mustafayeva deyib.

Bir tərəfdən bu, hökümət üçün cəmiyyətin xalını qazanmaqdan ötrü bir fürsətə çevrildi


Onun sözlərinə görə, bu qanunlar qəbul ediləndən sonra hökümət müxalifət fəallarına qarşı təqiblərə və inzibati həbslərə başladı.

“Bir tərəfdən bu, hökümət üçün cəmiyyətin xalını qazanmaqdan ötrü bir fürsətə çevrildi”, o deyib.

Leyla Mustafayevanın dediyinə görə, Operativ Qərargahın mətbuat konfransı zamanı Koronavirusla Mübarizəyə Dəstək Fonduna ən böyük ianənin prezident tərəfindən edildiyi bildirilib. Lakin onun sözlərinə görə, əslində prezidentin ehtiyat fondunun vəsaitləri dövlət büdcəsinin vəsaitləri sırasına daxil olduğu üçün bu pul ianə hesab olunmur.

“Yəni bu bəyanatın məqsədi xalqdan dəstək toplamaq və onların konavirusla mübarizədəki rollarını şişirtmək idi”, o deyib.

Leyla Mustafayeva bildirib ki, ölkədəki digər problem şəffaflıq problemidir. Onlar koronavirusla mübarizə fonduna nə qədər pulun daxil olduğunu desələr də, bu pulların necə xərcləndiyinə dair məlumat vermirlər. Bundan əlavə, dövlət büdcəsindən pul alan Milli Fövqəladə Hallar Nazirliyi kimi idarələr də koronavirus fonduna ianə edir, amma bu ianəni edə bilmək üçün hansı xərcləri kəsdiklərinə dair məlumat vermirlər.

“Yəni, şəffaflıq məsələsi problem olaraq qalır”, jurnalist qeyd edib.

Onlayn müzakirədə Gürcüstan və Ermənistandakı vəziyyət də müzakirə olunub. Atanlatika Şurasından gürcüstanlı Eto Buziaşvili deyib ki, Gürcüstandakı Kreml tərəfdarı media virusun ABŞ-da yaradıldığını bildirib.

“Bu bizə 'İnfeksiya Əməliyyatı' adlı dezinformasiya kampaniyasını xatırladır. Həmin kampaniya zamanı ABŞ QİÇS-i biosilah kimi istehsal etməkdə ittiham olunurdu”, o deyib.

Bu bizə 'İnfeksiya Əməliyyatı' adlı dezinformasiya kampaniyasını xatırladır. Həmin kampaniya zamanı ABŞ QİÇS-i biosilah kimi istehsal etməkdə ittiham olunurdu.

Bundan əlavə onun sözlərinə görə, bəzi mənbələrdə Rusiya rəsmiləri 2011-ci ildə ABŞ tərəfindən maliyyələşdirilən Luqar Laboratiryasında istehsal olunduğunu iddia edir.

“Kreml hər dəfə Gürcüstan Avropaya inteqrasiyaya və ya hər hansı başqa istiqamətə doğru addım atanda bu məsələni ortaya atır”, o deyir.

Ermənistanlı Karine Qazaryan isə deyib ki, Ermənistanda ilk əvvəl fövqəladə vəziyyət elan edildi və ardınca hökümət mediaya məhdudiəyyətlər tətbiq etdi və jurnalistlərin rəsmi mənbələrdən başqa digər mənbələrdən məlumat paylaşmasını qadağan etdi. Lakin daha sonra həm ölkə daxilində, həm də xaricdən tənqidlərlə üzləşəndən sonra bu qadağanı ləğv etdi.

“Amma mən hökümətin qadağanı nə üçün aradan qaldırdığını bilmirəm. Qadağa qüvvədə ikən əsas media qurumları konspirasiya nəzəriyyələri, vaksin əleyhinə məlumatlar, hər cür şayiələr yayırdılar. Amma onlara heç cəza verilmədi,” Qazaryan deyib.

XS
SM
MD
LG