Accessibility links

ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfərlərinin yekunu ilə bağlı birgə bəyanat verib


Həmsədrlər prinsiplər haqqındakı saziş üzərində işi sürətləndirmək, humanitar əlaqələri hazırlamaq haqqında müzakirəni davam etdirib.

ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Robert Bradtke (ABŞ), Jak For (Fransa) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik mayın 11-dən 14-dək regiona səfərdə olub. Həmsədrlər səfər çərçivəsində Azərbaycan və Ermənistanda prezidentlər İlham Əliyev və Serj Sarkisyanla Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə son səyləri müzakirə edib.

ATƏT-in rəsmi saytında Minsk qrupunun həmsədrlərinin yayılan bəyanatında deyilir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri tərəflərlə yanvarda Soçidə prezidentlər İlham Əliyev və Serj Sarkisyanın birgə bəyanatında qəbul etdikləri öhdəlikləri necə yerinə yetirmək, o cümlədən hərtərəfli sülh nizamlanması üçün zəmin qismində əsas prinsiplər haqqındakı saziş üzərində işi sürətləndirmək, atəşkəs rejiminin pozulmasının araşdırılması mexanizmləri üzərində iş, habelə humanitar əlaqələri hazırlamaq haqqında müzakirəni davam etdirib.

Həmsədrlər təmas xətti boyunca baş verən insidentlərlə bağlı narahatlıqlarını bildirib, tərəfləri təmkinli olmağa və qisasdan çəkinməyə çağırıb.

Həmsədrlər tərəflərin sülh nizamlanmasına nail olmağa sadiq qaldıqlarını təsdiq etmələrini alqışlayıb.

Həmçinin, həmsədrlər tərəflərlə 1994-cü ildə imzalanan atəşkəs haqqında sazişin möhkəmləndirilməsi və etibarın artırılması üçün hərbi və insanlar arasındakı əlaqələr sahəsində etimad tədbirlərinin inkişafını müzakirə edib.

Bundan başqa, həmsədrlər yekun və davamlı sülhə nail olmaq üçün davam edən danışıqları nəzərə almaqla, region xalqlarının ümumi irsini qorumaq üçün Azərbaycan və Ermənistan mədəni və tarixi dəyərlərinin qiymətləndirilməsi və mühafizə edilməsinin vacibliyini müzakirə edib.

Həmsədrlər yaxın gələcəkdə iki ölkənin xarici işlər nazirləri ilə danışıqları davam etdirmək niyyətindədir.

APA Agentliyinin məlumatına görə, ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov jurnalistlərin “Rusiyanın yeni prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Dmitri Medvedyev kimi aktivlik nümayiş etdirəcəkmi” sualının cavabında bildirib ki, Rusiya o nöqteyi-nəzərdən çıxış edir ki, vasitəçilik missiyasını digər həmsədr ölkələrlə birlikdə davam etdirilməlidir.

“Yeni prezidentin imzaladığı ilk fərmanlardan biri xarici siyasət məsələləri ilə bağlıdır. Orada bildirilir ki, Rusiya ATƏT-in Minsk Qrupunun digər həmsədrləri ilə birlikdə aktiv fəaliyyəti davam etdirməlidir. Bu fəaliyyət 2009-2011-ci illərdə yüksək səviyyədə əldə olunmuş razılaşmalar nəzərə alınmaqla tərəflərə münaqişənin nizamlanmasında kömək etməyə əsaslanır. Düşünürəm ki, bu, Rusiyanın mövqeyini dəqiq ifadə edir”, - deyə o qeyd edib.
Həmsədrlərin regiona səfərini şərh edən İqor Popov bunun planlaşdırılan səfər olduğunu bildirib “Azərbaycan prezidenti və xarici işlər naziri ilə nizamlanmanın aktual məsələlərini müzakirə etdik. Biz prezidentlərin Soçi görüşündə əldə olunan razılaşmaların reallaşmasının aktual məsələlərini müzakirə etdik. Görüşlərdə xüsusilə nizamlanmaya dair sənəd üzərində işin gedişi müzakirə olundu. Biz ictimaiyyət və gənclər arasında görüşlərin təşkili məsələsinə də toxunduq. Bundan başqa müzakirələrdə aprelin sonunda qoşunların təmas xəttində baş verən insidentlərə də toxunulub. Gələcək təmaslara gəldikdə, ümidvarıq ki, yaxın aylar ərzində təmaslarımız davam edəcək”.
İqor Popov Azərbaycan və Ermənistan ziyalıları və gəncləri arasında görüşlərin təşkili ilə məşğul olan Rusiya prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoy ilə əlaqə saxladığını bildirib və qeyd edib ki, belə görüşlər yaxın vaxtlarda davam etdiriləcək.
ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Robert Bradtke isə bildirib ki, həmsədrlər regiona səfər çərçivəsində Dağlıq Qarabağa getmək istəsələr də, bu səfər hava şəraiti səbəbindən baş tutmayıb.

“Fransa münaqişənin dinc yolla həllinin tərəfdarı olub və olmağa davam edəcək”.
Bu barədə jurnalistlərin Fransada yeni prezidentin seçilməsinin ölkənin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinə necə təsir göstərəcəyinə dair sualına cavabda ATƏT-in Minsk Qrupunun həmsədri Jak For deyib.

J. For yeni prezidentin andiçmə mərasimindən sonra yeni hökumətin formalaşacağını söyləyib. “Lakin Fransa Dağlı Qarabağ münaqişəsinin həlli ilə bağlı siyasətini dəyişiklik olmadan davam etdirəcək”.

XS
SM
MD
LG