Accessibility links

Qırmızı dənizdə bir neçə gəmiyə hücumlar olub


 "Rubymar" karqo gəmisi
"Rubymar" karqo gəmisi

Dəniz nəqliyyatı təhlükəsizliyi təşkilatları bazar ertəsi axşam saatlarında Qırmızı dənizdə yük gəmisinə pilotsuz təyyarə ilə hücum həyata keçirildiyini bildirib. Bu, Yəməndə İranın dəstəklədiyi husi militantlarının bölgədə dəniz nəqliyyatını pozduğu silsilə hücumların sonuncusudur.

Birləşmiş Krallığın Dəniz Ticarət Əməliyyatları (UKMTO) agentliyi gəmi rəsmisinə istinadən gəminin pilotsuz təyyarə tərəfindən vurulduğunu və bunun nəticəsində onun "üst səthinə yüngül zərər dəydiyini" bildirib.

UKMTO məlumatında hadisənin Cibutidən təxminən 110 kilometr şimalda baş verdiyi, ekipajın təhlükəsiz olduğu və gəminin növbəti limana getdiyi bildirilib.

Britaniyanın "Ambrey" dəniz nəqliyyatı təhlükəsizliyi şirkəti gəminin Marşal Adaları bayraqlı yük daşıyan gəmi olduğunu bildirərək, eyni bölgədə hücum həyata keçirildiyi haqda məlumat verib.

Bazar ertəsi başqa bir hücum zamanı ABŞ-a məxsus Yunanıstan bayraqlı "Sea Champion" yük gəmisinin raketlərlə hədəf alındığı, onlardan birinin gəmiyə kiçik ziyan vurduğu, digərinin isə yaxınlıqda suya düşdüyü bildirilib.

Gəmi Argentinadan Yəmənin Ədən limanına taxıl daşıyırdı.

Birləşmiş Krallığın Dəniz Ticarət Əməliyyatları təşkilatının bildirdiyinə görə, Ədəndən təxminən 185 kilometr şərqdə baş verən hücumda "qəlpə və boya örtüyünə zərər izləri" var. Xəsarət alanların olmadığı bildirilib.

ABŞ hərbi qüvvələri bazar ertəsi Yəməndə husilərin nəzarətində olan ərazidə iki gəmi əleyhinə ballistik raketlə vurulan üçüncü gəminin heyətinin gəmini tərk etdiyini və ticarət gəmisinin yardımı ilə yaxınlıqdakı limana aparıldığını bildirib.

Britaniyaya məxsus Beliz bayraqlı "Rubymar" gəmisi hücumdan sonra qəza siqnalı verib və ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın hərbi gəmisi yardım göstərmək üçün ticarət gəmisi ilə birlikdə çağırışa cavab verib.

Husi nümayəndəsi hücuma görə məsuliyyəti öz üzərinə götürərək, militantların "Rubymar"a "bir neçə raket" atdığını deyib.

Husilərin hücumları noyabr ayından bəri bölgədəki qlobal gəmiçilik marşrutlarının pozulmasına səbəb olub. Bəzi yük gəmiləri indi Süveyş kanalına əsas keçid olan Qırmızı dəniz və Ədən körfəzindən yayınırlar. Bunun əvəzinə bəzi karqo şirkətləri öz gəmilərini Afrika ətrafında əlavə 6400 kilometr məsafəyə göndərir ki, bu, daşınma xərclərini və hər istiqamətdə səyahət vaxtını təxminən 10 gün artırır.

Husilər bildiriblər ki, onların hücumları Qəzza zolağında gedən müharibədə fələstinlilərlə həmrəylik məqsədilə həyata keçirilir.

Forum

XS
SM
MD
LG