Accessibility links

Aunq San Su Çi - Bir qadın və bir ölkənin taleyi


Birma demokratiya lideri ABŞ-a tarixi səfər edir

Birmada demokratiya uğrunda mübariz, Nobel Sülh mükafatı laureatı Aunq San Su Çi ABŞ-a tarixi səfərinə başlayıb. Birmada məhkum olduğu 21 illik müddətin 15 ilini ev dustağı olmuş müxalifət lideri dünyanın ən tanınmış siyasi məhbusu hesab edilir. 66 yaşlı bu zərif qadın Birmada hərbi rejimə qarşı qeyri-zorakı yolla mübarizənin simvoluna çevrilmişdir.

24 il dünyadan təcrid olunmuş halda yaşayan Aunq San Su Çi yalnız bu son aylar Nobel sülh mükafatı daxil olmaqla, illərdir layiq görüldüyü bütün fəxri adlar və mükafatları almaqla yanaşı, həm də beynəlxalq ictimaiyyətlə fikirləri və hissləri ilə də bölüşmək imkanı əldə edib.

Aunq San Su Çinin sədri olduğu Demokratiya naminə Milli Liqa 1989-cu ildə Birmada seçkilərdə səslərin 58 faizini alaraq, yerlərin çoxunu qazana bilmişdi. Lakin partiya lideri seçkilərdən öncə həbs edilmiş və siyasi fəaliyyətdən uzaqlaşdırılmaq üçün ev dustağı kimi saxlanmışdır.

Aunq San Su Çinin ev dustağı kimi həyatı 2010-cu ildə Birmada dəyişikliklərə işarələrin yarandığı bir vaxt bitmişdir.

Demokratiya uğrunda siyasi mübarizə 1945-ci ildə anadan olmuş Aunq San Su Çinin belə görünür taleyinə yazılıbmış. Onun atası Aunq San 1947-ci ildə müasir Birmanın əsasını qoymuş və elə həmin il rəqibləri tərəfindən qətlə yetirilmişdi. Aunq San Su Çi o zaman 8 yaşında idi. Onun anası Kyin Çi də yeni yaradılmış müstəqil Birmada nüfuzlu siyasi fiqurlardan biri olmuş, Hindistan və Nepalda səfir postuna təyin olunmuşdur. Anası ilə bu ölkələrdə olmuş gənc Aunq San Su Çi beynəlxalq məktəblərdə təhsil almış, ali təhsilini isə Oksford universitetində davam etdirmişdir. O, Birmaya bir də 1988-ci ildə xəstə anasına baş çəkmək üçün qayıtmış və burada ona Milli Demokratik Liqaya rəhbərlik etmək təklif edilmişdir. Birma demokratiya fəalının həyatında ayrılıqlar, məhdudiyyətlər və siyasi fəaliyyətlər dövrü buradan başlamışdır.

ABŞ-da vətəndaş hüquqları müadifəçisi Martin Lüter Kinq və Hindistanda Mahatma Qandinin qeyri-zorakı siyasi mübarizə yolunu davam etdirən Aunq San Su Çi Birmada demokratiya və insan hüquqlarının müdafiəsi məqsədilə aksiyalar keçirmişdir. Onun minlərlə tərəfdarı Birma hökumətindən insan hüquqlarına hörmət etmək tələbi ilə küçələrə çıxmış, lakin Birmanın hərbi hökuməti bu nümayişləri qəddarlıqla yatırmışdır.

Birmada hakimiyyətdə olan xunta Aunq San Su Çini bu illər ərzində ev dustağı kimi saxlamışdır. Həyat yoldaşı Makl Aris xərçəng xəstəliyinin son mərhələsində ölüm yatağında olarkən Birmanın hərbi hökuməti onun ölkəyə gəlməsinə imkan verməmiş, bunun yerinə Aunq San Su Çiyə görüşmək üçün özünün ölkədən çıxmasına icazə vermişdir. Lakin demokratiya fəalı bir daha ölkəyə buraxılmayacağından ehtiyat edərək Birmanı tərk etməkdən imtina etmişdir. Maykl Aris 1999-cu ildə bir daha Aunq San Su Çini görmədən gözlərini bu dünyaya yummuşdur. Xanım Su Çi bu müddətdə övladları ilə görüşmək imkanından da məhrum edilmiş və Ilk dəfə oğlu il iki bundan əvvəl görüşə bilmişdir.

Lakin bu uzun siyasi mübarizə Aunq San Su Çinin əzmi və qətiyyətini sındırmadı. Ev dustağı olduğu müddətdə Aunq San Su Çi vaxtını mütaliə və meditasiya ilə keçirmiş, fransız və yapon dillərini öyrənmiş, emosional vəziyyətini pianoda klassik musiqi ifa etməklə müvazinətdə saxlaya bilmişdir.

Aunq San Su Çi 1991-ci ildə Nobel Sülh mükafatına layiq görülmüşdür, lakin mükafatı almaq üçün ona Osloya getmək icazəsi verilməmişdir. Nobel laureatı məruzəsini etmək ona yalnız 2012-ci ildə iyunun 16-da nəsib olmuşdu. “Ölkədə bir məhbusun olması da çoxdur”-deyə o, Nobel çıxışında demişdir.

2012-ci ildə aprel ayında Aunq San Su Çi və onun rəhbərlik etdiyi Demokratiya uğrunda Milli Liqanın parlament seçkilərində uğurlu qələbəsi Birmada siyasi islahatların qaçılmaz olduğuna dair mesaj kimi qəbul edildi. Asiyanın ən repressiv ölkələrindən biri olan Birma uzun illər avtoritar xunta tərəfindən idarə olunub. Beynəlxalq insan hüquqları təşkilatları Birma hökumətini ölkədə bütün siyasi məhbusların azad edilməsinə çağırır. Hazırkı prezident Thein Seinin hökuməti siyasi islahatları hökumətinin əsas prioritetlərindən biri hesab etdiyini bildirib.

Birma xalqının demokratiya uğrunda mübarizəsinin simvolu olan Aunq San Su Çinin bu günlər ABŞ-a səfəri də bu mənada Vaşinqtonla Ranqun arasında münasibətlərdə tarixi bir mərhələnin başlamasından xəbər verir. ABŞ uzun illərdir insan hüquqlarının pozulmasına görə Birma hökumətinə qarşı sanksiyalar tətbiq edib. Bu ilin əvvəli ABŞ Dövlət katibi Hillari Klinton Amerikanın böyük biznes şirkətlərinin rəhbərlərindən ibarət nümayəndə heyətinin başçısı kimi Birmaya səfər etmiş və Aunq San Su Çi ilə görüşmüşdü. Uzun illərdən sonra ABŞ şirkətlərinin Birmada investisiya etməsi üçün yol açılmışdır. Aunq San Su Çinin ABŞ-a səfərindən öncə Birma hökuməti yüzlərlə siyasi məhbusu amnistiya etdiyini elan etmişdir. Birma prezidenti Thein Sein BMT-nin Baş Assambleyasının sessiyasında iştirak etmək üçün ilk dəfə olaraq bu həftə ABŞ-a səfər edir.

Aunq San Su Çi illərdir siyasi məhbus kimi qapalı həyatından sonra dəyişkən və mürəkkəb dünyaya qovuşur. Bu, onun vətəni Birmanın 50 ilə yaxındır diktatura və avtoritar idarə-üsulundan sonra yenilik, islahatlar və demokratiya yolunda ilk kövrək addımları ilə üst-üstə düşür.
  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG