COVID-19-un omikron variantının işçilərin sağlamlığına təsir etməsi səbəbi ilə ən azı üç böyük aviaşirkət uçuşlarını təxirə saldığını xəbər verir.
Almaniyada qərargahlanan Lufthansa şirkəti Milad bayramı dövründə "çox sayda" pilotun xəstəliyə görə məzuniyyətə çıxmasısəbəbi ilə onlarla uzun məsafəli transatlantik uçuşların ləğv edildiyini bildirir.
Hyuston, Boston və Vaşinqtona uçuşların təxirə salınması bayram tətili zamanı əlavə işçi heyətinin cəlb olunması fonunda baş verib.
Aviaşirkət xəstəliyin növü barədə məlumat verilmədiyi üçün məzuniyyətlərin COVID-19 ilə əlaqəli olub-olmadığı barədə fərziyə irəli sürə bilmir. Sərnişinlər başqa uçuşlara yönləndirilib.
Lufthansa verdiyi açıqlamada bildirib ki, "bayram mövsümü üçün çox sayda əlavə işçi heyəti cəlb olunsa da, xəstəliklə bağlı məzuniyyət üçün müraciət edənlərin çox olması səbəbindən bu kifayət etməyib".
Digər tərəfdən ABŞ-ın Delta Air Lines və United Airlines aviaşirkətləri omikron ilə əlaqədar kadr çatışmazlığı səbəbindən Milad gecəsi onlarla uçuşu ləğv etməli olduqlarını xəbər verib. FlightAware-in verdiyi məlumata görə, United 169, Delta isə 127 uçuşu təxirə salıb.
United şirkəti bir neçə xəbər agentliyinə verdiyi açıqlamada bildirib ki, "Bu həftə böyük miqyasda omikrona yoluxma halları birbaşa uçuş heyətlərimiz və əməliyyatımızı idarə edən insanlara təsir edib. Bu səbəbdən də, təəssüf ki, bəzi reysləri ləğv etməli olduq".
Aviaşirkət mümkün qədər çox insanı yenidən başqa uçuşlara salmağa çalışdığını bildirir.