Accessibility links

AZAL fevralda bir sıra Avropa istiqamətlərində uçuşları dayandıracaq


Boeng 737 MAX
Boeng 737 MAX

Fevral ayında AZAL aviaşirkətinin əsas Avropa istiqamətlərinə reysləri ilə uçuş planlaşdıran sərnişinlər xoşagəlməz sürprizlə qarşılaşacaq.

Turan agentliyinin məlumatına görə, şirkət ilin digər aylarında uçuşlar həyata keçirilən Berlinə, Parisə, Milana fevralda birbaşa reyslər planlaşdırmır. Başqa sözlə, AZAL şirkətinin birbaşa reysləri ilə bu istiqamətlərdə uçan sərnişinlər fevralda qayıdarkən digər aviaşirkətlərin xidmətlərindən istifadə etmək və Bakıya tranzitlə qayıtmaq məcburiyyətindədirlər.

Şirkətin mətbuat xidmətindən bu məlumatı təsdiq ediblər, AZAL-ın əvvəlcədən fevralda Berlinə, Parisə və Milana reyslər həyata keçirməyi planlaşdırmadığını qeyd ediblər.

Şirkətdən izah ediblər ki, bunun səbəbi reyslərin dolmamasıdır.

"Sərnişin daşımaları sahəsində fevral ən passiv mövsüm hesab olunur və bu dövrdə müxtəlif istiqamətlərdə reyslərin həyata keçirilməməsi təcrübəsi bir çox aviaşirkətlər tərəfindən tətbiq edilir. Əvvəlki illərdə də bu qərarı tətbiq etmişik", deyə AZAL mətbuat xidmətinin sədri Paşa Kəsəmənski bildirib.

Sözügedən istiqamətlərdə reyslər martda bərpa olunacaq. Şirkətin rəsmi saytında yer alan cədvələ əsasən, AZAL Parisə və Berlinə martın 4-dən, Milana isə martın 2-dən uçmağa başlayacaq.

Bəzi aviaşirkətlər yanvarda və fevralda sərnişin axınının azalmasını nəzərə alaraq, qiymətləri xeyli ucuzlaşdırır. Amma göründüyü kimi, AZAL reysləri tamamilə ləğv etməyi qərara alıb.

XS
SM
MD
LG