Qlobal aviasiya sənayesi hazırda "əsrin missiyası"nı planlaşdırmağa başlamağın vaxtının çatdığını deyir, belə ki, dünyanın ən ucqar yerlərində milyardlarla insana təhlükəsiz və təsirli bir COVID-19 peyvəndi çatdırmaq gərəkdir.
Beynəlxalq Hava Nəqliyyat Birliyi cümə axşamı verdiyi açıqlamada 7.8 milyard insanın hər birinə bir doza peyvənd çatdırmaq üçün 8 min Boeing- 747 yük təyyarəsinin tələb olunduğunu bildirib.
Beynəlxalq Hava Nəqliyyat Birliyinin baş direktoru Aleksandr de Juniak belə bir işin “qlobal hava yük sənayesi üçün əsrin missiyası” olacağını, lakin bunun əvvəlcədən diqqətlə planlaşdırmadan edilə bilməyəcəyini deyib.
"Hökumətləri lojistik zəncirdəki imkanlar, təhlükəsizlik tənzimləmələri və sərhəd proseslərin asanlaşdırılmasında əməkdaşlıq etməyə və bu mürəkkəb tapşırıq üçün hazır olmağa çağırırıq" - deyə, de Juniak bildirib.
Hazırda dünyada 27.8 milyon yoluxma, 900 mindən çox insanın ölümünə səbəb olan COVID-19 üçün etibarlı və təsirli bir peyvəndi hazırlamaq və istehsal etmək üçün çoxmillətli səylər davam edir. Lakin bu həftə Britaniya-İsveç əczaçılıq nəhəngi Astra-Zeneca şirkəti peyvənd edilən könüllülərdən biri xəstələndiyinə görə COVID-19 peyvəndinin genişmiqyaslı qlobal sınaqlarını dayandırıb.
Şirkət iştirakçının xəstəliyinin mahiyyəti ilə bağlı açıqlama verməyib. Lakin New York Times qəzetinin verdiyi məlumata görə, Britaniyadan olan könüllünün onurğa beyninə təsir edən və çox vaxt virus infeksiyalarının təsirindən qaynaqlanan iltihab transvers miyelit sindromu diaqnozu qoyulub. Lakin qəzet bildirir ki, bunun birbaşa AZD-1222 peyvəndi ilə əlaqəli olub-olmadığı məlum deyil.