Accessibility links

Avropa Şurası komissarı Hərbi Qənimətlər Parkı barədə Azərbaycan Prezidentinə narazılığını bildirdi, rəsmi Bakı cavab verdi


Dunya Miyatoviç
Dunya Miyatoviç

Avropa Şurasının komissarı Dunya Miyatoviç Azərbaycan Prezidenti İlham Əliyeva ünvanladığı məktubda, onu Azərbaycanla Ermənistan arasında münaqişənin təsirinə məruz qalan icmalar arasında onsuz da dərin olan narazılıqları artırmamaq və əbədiləşdirməmək üçün son dərəcə diqqətli olmağa çağırıb.

"Əminəm ki, siz də razılaşarsınız ki, hazırda münaqişənin təsirinə məruz qalan bütün insanlar üçün barışıq və davamlı sülhə doğru aparan yolu təmin etmək üçün keçmişlə mübarizə prioritet məsələyə çevrilməlidir," Dunya Miyatoviç bildirib.

Komissar Bakıda bu yaxınlarda Hərbi Qənimətlər Parkının açılışı ilə bağlı narahatlığını da dilə gətirib.

Əminəm ki, siz də razılaşarsınız ki, hazırda münaqişənin təsirinə məruz qalan bütün insanlar üçün barışıq və davamlı sülhə doğru aparan yolu təmin etmək üçün keçmişlə mübarizə prioritet məsələyə çevrilməlidir.

“Deyilənə görə, bu parkda müharibə zamanı qənimət olaraq götürülmüş Ermənistan ordusuna aid avadanlıqlar nümayiş etdirilir. Alınan məlumat və ictimaiyyətə açıq şəkillərdən gördüm ki, parkda amansız səhnələr, o cümlədən ölmüş və ya ölən erməni əsgərlərini təsvir edən mum manekenlər nümayiş olunur. Mən bu cür görüntüləri olduqca narahatedici və alçaldıcı hesab edirəm. Bu cür görüntülər uzun zamandır davam edən düşmən hisslərini və nifrət çıxışlarını intesivləşdirə və gücləndirə, habelə dözümsüzlük təzahürlərini təşviq edə və artıra bilər,” məktubda deyilir.

Dünya Miyatoviç Azərbaycan Prezidentini düşmənçilk və ədavətə təşviq edəcək hər hansı ritorika və ya əməllərə qarşı güclü mövqe sərgiləməyə, habelə, xüsusilə də gələcək nəsil azərbaycanlı və ermənilərin rifahını nəzərə alaraq, münaqişənin təsirinə məruz qalan əhalilər arasında sülhün və barışığın təbliğinə yönəlmiş səylərə tam siyasi dəstək verməyə çağırıb.

Komissar məktubunun sonunda ən tez zamanda onun ölkənin beynəlxalq sərhədləri çərçivəsində insan hüquqlar məsələsinin aktual olduğu bütün ərazilərə çıxış olacağı təqdirdə Azərbaycana səfər etməyə istəkli və hazır olduğunu bildirib.

Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov Azərbaycan tərəfindən AŞ Komissarı Dünya Miyatoviçin İlham Əliyevə ünvanladığı məktuba cavab yazaraq Azərbaycan tərəfinin mövqeyini çatdırıb.

Həmin məktubda Azərbaycan rəsmiləri komissarı Ermənistanla Azərbaycan arasında 30 ildir davam edən münaqişə dövründə “mandatına aid olmaması” bəhanəsi ilə məsələyə nəzər yetirməməkdə günahlandırıb. Məktubda həmçinin qeyd olunub ki, Avropa Şurası İnsan Hüquqları Komissarı 44 günlük müharibə vaxtı Ermənistanın beynəlxalq hüquqları pozmasına məhəl qoymayıb.

Azərbaycan tərəfinin məktubunda komissarın siyasi motivli məsələlərə maraq göstərdiyi iddia olunur.

“Əslində bu, Avropa Şurasının müxtəlif qurumları tərəfindən Azərbaycanın tez-tez məruz qaldığı ikili standart və selektiv yanaşmanın başqa bir təzahürüdür,” məktubda qeyd olunub.

Azərbaycan rəsmiləri həmçinin komissarın Bakıdakı Hərbi Qənimətlər Parkının açılışı ilə bağlı narahatlığının əsassız olduğunu bildirib.

“Əslində bu, Avropa Şurasının müxtəlif qurumları tərəfindən Azərbaycanın tez-tez məruz qaldığı ikili standart və selektiv yanaşmanın başqa bir təzahürüdür.

“Qənimətlər Parkı on illərdir davam edən təcavüz və etnik təmizləmə siyasəti üzərində beynəlxalq hüququn və ədalətin təntənəsinin rəmzidir. Azadlıq, suverenlik və ərazi bütövlüyü uğrunda müharibədəki qələbəni ölümsüzləşdirmək, Avropa Şurası bölgəsi də daxil olmaqla, bir çox xalqlar tərəfindən geniş tətbiq olunan bir təcrübədir,” məktubda deyilir.

Məktubda bildirilir ki, Dunya Miyatoviçin 20 apreldə Azərbaycan Prezidentinə ünvanladığı məktub onun işinin müstəqilliyi və qərəzsiliyini şübhə altına alır və bu, komissarın ofisi ilə Azərbaycan arasında münasibətlərə mənfi təsir göstərə bilər.

“Üstəlik, məktubun qərəzsiz bir müraciətdən çox uzaq olması, onun “barışıq və barışığın təşviq edilməsi” kimi nəcib hədəfə zidd olduğunu açıq şəkildə nümayiş etdirir,” məktubda bildirilir.

Azərbaycan rəsmisi Komissarı mandatının tələb etdiyi kimi qərəzsiz olmağa və Avropa Şurasının nüfuzuna xələl gətirəcək hərəkətlərdən və açıqlamalardan çəkinməyə çağırıb.

XS
SM
MD
LG