Accessibility links

Avropa Şurası Nazirlər Komitəsi Avropa Məhkəməsində Xədicə İsmayılın işinin icra vəziyyəti üzrə monitorinqə başlayıb


Avropa Şurası Nazirlər Komitəsi Avropa Məhkəməsində araşdırmaçı jurnalist Xədicə İsmayılın iki işinin icra vəziyyəti üzrə monitorinqə başlayıb.

Bu barədə Xədicə İsmayıl məlumat verib.

Onun dediyinə görə, monitorinq dekabrın əvvəllərində başlayıb.

Avropa Şurası Nazirlər Komitəsi hökumətdən tələb edib ki, qərarları yerinə yetirsin.

“Qərarların icrası üçün həm kompensasiya ödənilməli, həm də ədalətin bərpası üçün hüquqi addımlar atılmalıdır," o bildirib.

Araşdırmaçı jurnalist qeyd edir ki, Prezident Administrasiyasından zəng edərək bu qərarlarla bağlı vəkillərin göndərdiyi məktubları tapa bilmədiklərini deyiblər və hesab nömrəsini yenidən göndərilməsini istəyiblər.

“Göndərdim. Cüzi bir məbləğ köçürüblər. Hər şey bir yana, bu vəsaitin gecikdirilməsinə görə tutulan faiz Neft Fondunun öz vəsaitlərini yatırmaqla qazandığı faizdən yüksəkdir. Niyə belə edirsiniz ki? Büdcəni müflis eləməkdirsə niyyətiniz,deyin bilək.”

Xədicə İsmayıl ədalətin təmin olunması üçün hüquqi addımların atılmasında sonadək israrlı olduğunu bildirib.

2014-cü il dekabrın 5-də həbs olunan Xədicə İsmayıl vergidən yayınma və qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il yarım azadlıqdan məhrum edilib.

Ali Məhkəmə 2016-cı il mayın 25-dəki qərarı ilə həbs müddətini 3 il yarım şərti cəza ilə əvəz edərək onu azadlığa buraxıb. Sonradan bu müddət 2 il 3 aya salınıb.

2019-cu il yanvarın 10-da Avropa Məhkəməsi Xədicə İsmayılın Azərbaycan dövlətindən şikayəti ilə bağlı ilk qərarını elan edib.

Şikayət jurnalistin videosunun yayılmasına görə qaldırılan cinayət işindən verilmişdi. Xədicə İsmayıl Cinayət Məcəlləsinin 156-cı (şəxsi həyatın toxunulmazlığının pozulması) maddəsi ilə başlanan həmin iş üzrə icraatın effektiv aparılmadığını iddia edib.

Avropa Məhkəməsi Avropa Konvensiyasının 8-ci (şəxsi və ailə həyatına hörmət hüququ) və 10-cu (fikri ifadə etmək azadlığı) maddələrinə əsaslanaraq Xədicə İsmayılın hüquqlarının pozulduğu qərarına gəlib. Qərara əsasən, Xədicə İsmayıla mənəvi zərərə görə 15 min avro, məhkəmə xərclərinə görə isə 1750 avro təzminat ödənməlidir.

Şikayətə səbəb olan videolar Xədicə İsmayılın yaşadığı mənzildə gizli yolla çəkilib, 2012-ci ildə yayılıb. Ardınca dövlət nəzarətində olan bəzi qəzetlərdə Xədicə İsmayılı qeyri-peşəkarlıqda, hökumətə qarşı qərəzdə və əxlaqsızlıqda ittiham edən yazılar dərc edilib.

Avropa Məhkəməsi 2020-ci il fevralın 27-də Xədicə İsmayılın şikayəti üzrə başqa bir qərar çıxarıb. Qərara əsasən, Azərbaycan dövləti jurnalistə 25 min avro təzminat ödəməlidir. Qeyd olunub ki, Azərbaycanda Xədicə İsmayılın Avropa İnsan Hüquqları Konvensiyası ilə verilmiş bir çox hüququ, o cümlədən azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması, ifadə azadlığı hüquqları pozulub.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) mayın 7-də araşdırmaçı jurnalist Xədicə İsmayılın işi ilə bağlı növbəti qərarını elan edib.

AİHM Konvensiyanın 6 (ədalətli məhkəmə araşdırması ) və 8-ci (şəxsi həyata hörmət) maddələri üzrə şikayətləri qəbuledilən sayıb.

Məhkəmə hesab edib ki, Xədicə İsmayılın bu maddələr üzrə hüququna müdaxilə olunub. Hökumət buna görə 6 min avro təzminat ödəməlidir.

Qərar jurnalistin 2014-cü ildə göndərdiyi şikayəti üzrə qəbul edilib.

Belə ki, şikayət Xədicə İsmayılın jurnalist fəaliyyətinə qarşı hədə-qorxu kampaniyası ilə bağlıdır.

Şikayətdə bildirilir ki, hökumətyönümlü qəzetlərdə jurnalist barəsində aparılan təhqiramiz kampaniya yerli məhkəmələr tərəfindən ədalətli araşdırılmayıb.

XS
SM
MD
LG