Avropa Şurası Nazirlər Komitəsi bir daha Azərbaycan hakimiyyətini "Məmmədli Azərbaycana qarşı” işləri qrupu üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarının tələb etdiyi kimi, hüquq müdafiəçilərinin və hökumət tənqidçilərinin hüquqlarını dərhal bərpa etməyə çağırıb. Komitənin bu qrup üzrə aralıq qətnaməsi iyunun 9-da Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrasına nəzarət komitəsinin iclasının yekunlarına əsasən dərc edilib.
Qətnamədə bu qrupda hüquq müdafiəçiləri Anar Məmmədli, İntiqam Əliyev, Xədicə İsmayılova, NİDA fəalları Zaur Qurbanlı, Rəşad Həsənov, Rəşadət Axundov, Üzeyir Məmmədli, Bayram Məmmədov, Qiyas İbrahimov və Respublikaçı Alternativ Partiyası Siyasi Şurasının üzvü Natiq Cəfərlinin adları çəkilir.
Sonuncu ilə bağlı cinayət təqibinə xitam verilib, lakin əsassız vergi borcu indiyədək silinməyib.
Nazirlər Komitəsi xatırladır ki, Avropa Məhkəməsi bu qrupdakı hər bir ərizəçinin barəsində Avropa İnsan Hüquqları Konvensiyasının 18-ci və 5-ci maddələrinin pozulduğunu müəyyən edib.
"Cinayət hüququndan sui-istifadə zamanı hökumət tənqidçilərinin, vətəndaş cəmiyyəti fəallarının və hüquq müdafiəçilərinin əsassız həbslərinin həyəcanlı mənzərəsi" aşkarlanıb.
Komitə pozuntuların köklü səbəblərinin aradan qaldırılması üçün məqsədyönlü və effektiv addımlar atmaqla, əsasən də prokurorluğun və məhkəmə sisteminin müstəqilliyini möhkəmləndirməklə bağlı hakimiyyətə öz qətiyyətli çağırışını təsdiqləyib.
Komitə təkidlə hakimiyyəti sözügedən şəxslərin işləri üzrə fərdi və ümumi tədbirlərin görülməsində irəliləyişə nail olmaq və bütün həll olunmamış məsələlər üzrə görülən tədbirlər barədə 31 iyul 2021-ci il tarixinədək məlumat vermək üçün katibliklə dərhal dialoqa çağırıb.
Komitə "Ağazadə və Mahmudov Azərbaycana qarşı" işi üzrə qərar qəbul edib. Bu, Müxalifət" qəzetinin jurnalistləri, 2007-ci ildə akademik Cəlal Əliyevin (dövlət başçısının əmisi) iddiası üzrə böhtan ittihamı ilə 2,5 il müddətinə azadlıqdan məhrum edilmiş Yaşar Ağazadə və Rövşən Mahmudovun şikayətilə bağlı olub.
Onlar sonradan əfv olunublar. Avropa İnsan Hüquqları Məhkəməsi onların hüquqlarının pozulduğunu tanıyıb və hakimiyyətə diffamasiyaya görə cinayət cəzasının ləğv edilməsini tövsiyə edib.
Komitə vətəndaşların böhtan və təhqirə görə özbaşına təqibini, ifadə azadlığının məhdudlaşdırılmasını istisna edən ümumi tədbirlər görülməsi, o cümlədən Cinayət Məcəlləsinə düzəlişlər edilməsilə bağlı Azərbaycan hakimiyyətinə çağırışını təkrarlayıb.
Komitə Azərbaycan hakimiyyətini katibliklə sıx əməkdaşlıq etməyə, daxili qanunvericiliyin və praktikanın Avropa Şurasının jurnalistlərin müdafiəsi və media nümayəndələrinin təhlükəsizliyilə bağlı standartlara uyğunlaşdırılması üçün Avropa Şurasının yardımından istifadə etməyə çağırıb.
Komitə 2021-ci ilin dekabrında bu məsələlərin müzakirəsinə qayıdacaq.