Avropa Şurasının Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsi mayın 29-da Dafna Karuana Galitsiyanın - ölkəsində və xaricdə siyasətçilərin və dövlət məmurlarının korrupsiya faktlarını araşdıran Maltalı məşhur jurnalistin qətlinin araşdırılması haqqında məruzə dərc edib. Jurnalist 2017-ci il oktyabrın 16-da avtomobilinə qoyulmuş bomba ilə öldürülüb.
AŞPA-nın yay sessiyasına çıxarılacaq məruzə layihəsində "Malta hakimiyyətinin şübhəli bilinən qatilləri məhkəməyə cəlb etmək və ya sifarişçilərin kimliyini müəyyən etmək iqtidarında olmadığı" deyilir.
Xüsusən, tam hakimiyyətə malik olan və bütün məmur təyinatlarına görə məsul olan Malta baş naziri Cozef Muskata qarşı ciddi iradlar irəli sürülüb.
Bankın bir çox müştərilərinin "siyasi əhəmiyyətə malik şəxslər" olduğu müəyyən edilib, bu da pulların yuyulması riskini artırır.Məruzədən sitat
Hüquq-mühafizə orqanları pis işləyir, korrupsiyaya uğrayıb və icra hakimiyyətindən asılıdır. Dövlət orqanları informasiya sorğularını bloklayaraq, informasiya azadlığını pozur.
Aparılmış araşdırmaya əsasən, Maltada əsas korrupsiya obyekti 33 yaşlı İranlı Əli Sədr Haşeminecad tərəfindən təsis edilmiş özəl Pilatus Bankı idi. O, 2013-cü ilin oktyabrında bank lisenziyası üçün müraciət edib və yaşının gənc olmasına və təcrübəsiz olmasına baxmayaraq lisenziya alıb.
2018-ci ilin sentbayrında Avropa Bank İdarəsi Pilatus Banka lisenziya verilərkən ciddi pozuntulara yol verildiyini aşkar edib.
Bankın bir çox müştərilərinin "siyasi əhəmiyyətə malik şəxslər" olduğu müəyyən edilib, bu da pulların yuyulması riskini artırır. Onlar arasında Azərbaycan prezidentinin qızlarına və Azərbaycan nazirlərindən birinə məxsus şirkətlər də var idi.
Malta baş nazirinə yaxın rəsmi şəxslər də bankda hesaba malik idilər. Haşeminecadın baş nazir Muskatla əlaqəsi var idi, o, həyat yoldaşı ilə birlikdə İtaliyada Haşeminecadın toyunda iştirak edib.
2018-ci ilin martında Haşeminecad ABŞ-da həbs edilib və İrana qarşı sanksiyaları pozmaqda ittiham olunub. Amerika prokurorluğu bildirib ki, Pilatus Bank kriminal gəlirlərdən istifadə ilə yaradılıb. Bankın aktivləri dondurulub, lisenziya isə 2018-ci ilin noyabrında geri alınıb.
"Korrupsionerləri təqib etmək üçün siyasi iradə və ya imkanın olmadığı ölkələrdə onları ifşa edən jurnalistlər çox vaxt özləri təqib hədəfinə çevrilirlər. Dövlətin bütün gücü korrupsionerlərə deyil, jurnalistlərə və korrupsiyanı ifşa edənlərə qarşı yönəlir.
Jurnalistlər Panama sənədlərini - bütün dünya üzrə dövlət xadimləri və siyasətçilər arasında geniş korrupsiya şəbəkəsini ifşa edən sənədləri üzə çıxardıqda da məhz bu baş verdi.
Maltaya gəlincə, orada ən yüksək səviyyədə korrupsiya var və korrupsionerlər baş nazirin müdafiəsi altındadırlar, deyə məruzədə qeyd edilir.
Dafna Karuana Galitsiyanın ölümü tamamilə araşdırılana qədər Avropa Şurası bu işi nəzarəti altında saxlamalıdır, deyə məruzədə bildirilir.