Accessibility links

Avropa Birliyi Tofiq Yaqublu ilə bağlı məhkəmə hökmünə yenidən baxılmasına çağırır


Avropa Birliyi

Avropa Birliyi Azərbaycanı beynəlxalq öhdəliklərinə uyğun olaraq Tofiq Yaqublunun işini yenidən araşdırmağa çağırır.”

Bu barədə Avropa Birliyinin Mətbuat katibinin Tofiq Yaqubluya qarşı məhkəmə hökmü ilə bağlı açıqlamasında deyilir.

“Sentyabrın 3-də Müsavat Partiyası funksioneri Tofiq Yaqublu dörd il üç ay həbs cəzasına məhkum edilib. Həbs və məhkəmə prosesi müddətində lazımi prosedurun olub-olmamasına dair ciddi suallar var. Avropa Birliyi, Respublikaçı Alternativ Partiyasının (ReAl) Azərbaycanda siyasi partiya olaraq qeydiyyatdan keçməsini alqışlasa da, cənab Yaqubluya qarşı məhkəmə hökmü, hakimiyyətin hər kəs üçün siyasi azadlıqları qorumaq və artırmaq öhdəliyi ilə bağlı suallar doğurur, “Avropa Birliyi qeyd edir.

Tofiq Yaqublu
Tofiq Yaqublu

Sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsi hakim Nəriman Mehdiyevin sədrliyi ilə Milli Şuranın və Müsavat Partiyasının üzvü, prezident İlham Əliyevin sərt tənqidçilərindən olan Tofiq Yaqublunun 4 il 3 ay həbsə məhkum edilməsi barədə hökm çıxarıb.

Bu il martın 22-də Tofiq Yaqublunun park edilmiş avtomobilini başqa avtomobil vurub. Sükan arxasında olan Elxan Cəbrayılov Yaqublu ilə münaqişə edərək onu ittiham edib.

Nizami rayon polisi cinayət işi qaldırıb, lakin istintaq zamanı Tofiq Yaqublunun telefonundan onun təqsirsizliyinə dair bütün video-sübutlar silinib. Polis bunun nə üçün edildiyini açıqlamayıb.

Məhkəmə həmçinin videomaterialların bərpası və məhkəmədə istifadə edilməsi barədə vəsatətləri təmin etməyib.

Sentyabrın 2-də Tofiq Yaqublu son sözündə məhkəmə və hakimiyyəti ittihamı saxtalaşdırmaqda və siyasi sifarişdə ittiham edib. O, etiraz olaraq aclığa başlayıb.

Yaqublu ilk dəfə 2013-cü ildə İsmayıllıda iğtişaşların təşkilində ittiham olunaraq həbs edilib. 2019-cü ilin oktyabrında icazəsiz aksiyada iştirakına görə inzibati qaydada həbsə məhkum edilib.

Azərbaycan rəsmiləri beynəlxalq tənqidləri qəbul etmir, qərəzli sayır. Ölkə rəhbərləri insanların siyasi iradəsinə görə təqib edilmədiyini bildirir.

XS
SM
MD
LG