Accessibility links

Avropa İttifaqı ölkələri koronavirusa qarşı vaksinasiya kampaniyasına başlayır


Rumıniyalı tibb bacısı Mihaela Angel ölkədə tətbiq edilməyə başlayan ilk COVID-19 peyvəndini alır, Buxarest, 27 dekabr, 2020.

Avropa İttifaqının bir neçə ölkəsində bazar günü COVID-19-a qarşı vaksinasiya kampaniyası başlayıb.

İtaliyada tibb bacısı, universitet professoru və bir həkim Romanın Lazzaro Spallanzani xəstəxənasında peyvəndi qəbul edən ilk şəxslər olub.

İspaniyada vaksinasiya kampaniyası Quadalaxarada Los Olmos qocalar evində başlayıb.

Çex Respublikasında baş nazir Andrey Babiş ölkənin hər yerində vaksinasiya kampaniyasının başladığı vaxt peyvəndi alan ilk şəxslər arasında olub.

Almaniyada şənbə günü qocalar evində yaşayan 101 yaşlı Edit Kvoyzalla vaksinin iki dozasından birincisini alıb.

Macarıstanda peyvəndi alan ilk şəxs Peşt şəhərində həkim Ariyenne Kerteş olub.

Slovakiyada isə vaksin ilk növbədə yoluxucu xəstəliklər üzrə bir həkimə verilib.

Avropa İttifaqının əksər ölkələrində Pfizer-BioNTech peyvəndinin ilk partiyaları 10 000 doza ilə məhdudlaşıb. Hər ölkə vaksinasiya kampaniyası haqda özü qərar verir, lakin ölkələrin hamısında ilk növbədə ən həssas qrupda olanlara peyvənd vurulur.

Avropa Komissiyasının prezidenti Ursula von der Leyen təxminən 450 milyon insanı əhatə edən vaksinasiya kampaniyasının başlaması ilə bağlı yayımlanan videoda bunu "birliyin təsirli anı" adlandırıb.

Avropa İttifaqı ölkələrində vaksinasiya kampaniyasının koronavirusun daha yoluxucu və daha təhlükəli növünün dünya üzrə yayıldığı vaxt başlaması Ümumdünya Səhiyyə Təşkilatının diqqəti hazırkı pandemiyanın sonuncu pandemiya olmayacağı ilə bağlı xəbərdarlığına yönəldir.

Bu xəbərdarlıq bazar günü ÜST-nin Baş direktoru Tedros Adhanom Ghebreyesus tərəfindən video mesaj vasitəsilə edilib.

Dünya COVID-19-un dərslərini öyrənməli və "insanların, heyvanların və planetin sağlamlığı arasında sıx əlaqələri" ünvanlamalıdır", Tedros ilk Beynəlxalq Epidemiyalara Hazırlıq Günü münasibətilə etdiyi çıxışında bildirib.

"Biz bir epidemiya üçün pul ayırırıq və o bitdikdən sonra bunu unuduruq və növbəti epidemiyanın qarşısını almaq üçün heç bir şey etmirik", Tedros əlavə edib.

London Gigiyena və Tropik Tibb Məktəbinin araşdırmasına görə, virusun yeni növünün əvvəlkilərlə müqayisədə 50 faizdən 74 faizə qədər daha yoluxucu olması 2021-ci ildə 2020-ci ilə nisbətən xəstəxanaya yerləşdirilmə və ölüm hallarının daha çox ola biləcəyi ilə bağlı qorxuları artırır.

ABŞ rəsmiləri bildirib ki, bazar ertəsi günündən başlayaraq Britaniyadan gələn sərnişinlərin yola düşmədən əvvəl COVID-19 testinin nəticəsi mənfi olmalıdır.

XS
SM
MD
LG