Accessibility links

Avropa İttifaqı büdcə və koronavirusla əlaqədar yardım paketi barədə razılıq əldə edib


Avropa İttifaqı liderləri çərşənbə axşamı 2,1 trilyon dollarlıq büdcə və koronavirusla əlaqədar yardım paketi ilə bağlı razılığa gəliblər.

Razılaşmada koronavirus epidemiyasının nəticələrindən ən ağır zərər görmüş ölkələrə kredit və qrant şəklində veriləcək 857 milyard dollarlıq maliyyə də daxildir.

Razılaşma əvvəl gözlənildiyindən daha çox sürərək, dörd gün və dörd gecə davam edən danışıqlardan sonra əldə olunub. Əsas müzakirə mövzusu fikir ayrılığına səbəb olan qrantlarla bağlı idi. Hollandiya və Avstriya da daxil olmaqla şimaldakı beş zəngin ölkə ilkin olaraq təklif olunan 572 milyard dollarlıq qrant həcminin azaldılmasını və xərclərə ciddi nəzarət olmasını təklif edirdi. İspaniya və İtaliya kimi digər ölkələr isə bu cür məhdudiyyətləri minimum səviyyəyə salmağa çalışıb.

Son razılaşmaya əsasən, 446 milyard dollarlıq qrant şəklində kompromis əldə edilib.

Hollandiyanın Baş Naziri Mark Ryute son razılaşmanı "Hollandiyanın maraqlarını qoruyan və Avropanı daha güclü və daha möhkəm edən yaxşı bir paket" adlandırıb.

Avropa Şurasının prezidenti Çarlz Mişel paketi bütün 27 üzv ölkə üçün bir uğur olaraq qeyd edib və "hazırda Avropa üçün ən yaxşı müqavilə" olaraq səciyyələndirib.

Almaniya kansleri Angela Merkel "Aİ üçün növbəti yeddi il üçün maliyyə təməlini qoyduq və Avropa Birliyinin ən böyük böhranı üçün həll yolunu tapdıq" deyib.

Avropa Parlamenti sazişə öz razılığını verməlidir.

Avropa İttifaqı ölkələrində COVID-19 nəticəsində ölüm sayı 135.000 olub. Dünyada ən yüksək ölüm sayı olan ölkələr arasında İtaliya, Fransa və İspaniya da var.

Virusun yayılmasını dayandırmaq üçün bir çox hökumətlər tərəfindən tətbiq edilmiş məhdudiyyətlər Aİ iqtisadiyyatına zərər vurub. İqtisadçılar bu il 8,3% azalma proqnozlaşdırıblar.

XS
SM
MD
LG