Avropa İttifaqının yardımı çərçivəsində 10 000 şəffaf maska,10 000 qoruyucu maska, 8 000 qoruyucu kombinezon,140 000 respirator maska Azərbaycana gətirilib. Bu yardım Şərq Tərəfdaşlığı ölkələrinin COVID-19-a qarşı mübarizəsi üçün Aİ-nin 30 milyon avro dəyərində töhfə verdiyi “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü”nün tərkib hissəsidir. Bu barıdə Avropa İttifaqının Azərbaycan nümayəndəliyi məlumat yayıb.
Məlumatda deyilir ki, Avropa İttifaqının maliyyələşdirdiyi və Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə Regional Ofisinin həyata keçirəcəyi “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” layihəsinə Şərq Tərəfdaşlığına daxil olan altı ölkədə - Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova Respublikası və Ukraynada start verilib.
Layihənin məqsədi sözügedən ölkələrdə COVID-19 virusunun yayılmasının qarşısının alınması, onun aşkarlanması və cavab tədbirləri, o cümlədən şərq qonşularının ictimai səhiyyə sahəsində fövqəladə hallara qarşı mübarizə potensialının gücləndirilməsidir.