Accessibility links

Avropa İttifaqı Ermənistanı və Azərbaycanı vəziyyəti gərginləşdirməməyə çağırır


Avropa İttifaqı

Avropa İttifaqı, Ermənistanı və Azərbaycanı vəziyyəti gərginləşdirməməyə çağırır və sərhəddəki vəziyyətin həllində köməyini təklif edir.

Bu barədə Avropa İttifaqının xarici siyasət xidmətinin sözçüsü Peter Stanonun açıqlamasında deyilir.

"Ermənistanla Azərbaycan arasında sərhəddə baş verən son hadisələr təhlükəli və həyəcanvericidir. Gərginlik dərhal azaldılmalıdır. Avropa İttifaqı hər iki tərəfi hər hansı hərbi yerləşdirmədən çəkinməyə çağırır. Bütün qüvvələr 12 maydan əvvəl tutduqları mövqelərə çəkilməlidir. Hər iki tərəfin sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı danışıqlarda iştirak etməsi vacibdir.

Avropa İttifaqı eyni zamanda Azərbaycanı bütün hərbi əsirləri və məhbusları dərhal sərbəst buraxmağa çağırıb və mümkün beynəlxalq müşahidə missiyasının yaradılması təklifini və gərginliyi azaltmaq üçün bütün səyləri alqışladığını bildirib.

"Avropa İttifaqı sərhədlərin delimitasiyası və demarkasiyasında ekspert dəstəyi verməyə və yardım göstərməyə və Cənubi Qafqazda davamlı sülh və firavanlığa doğru irəliləmək üçün etimad yaratmaq üçün lazımi səyləri dəstəkləməyə hazırdır," açıqlamada deyilir.

Son günlər Azərbaycan-Ermənistan sərhədində insidentlər qeydə alınır. Tərəflər delimitasiya zamanı sərhədin müxtəlif sahələrində qarşılıqlı mübahisələr edir və insidentlərlə bağlı bir-birini günahlandırır. Mayın 27-də Azərbaycan 6 erməni hərbçisini əsir götürdüyünü bildirib. Ermənistan Müdafiə Nazirliyi bunu təsdiq edib. Baş verən insidentlər beynəlxalq diqqətdədir. Çoxsaylı beynəlxaql təşkilatlar, həmçinin ABŞ Dövlət Departamenti tərəfləri vəziyyəti gərginləşdiməməyə, sərhəd problemlərini danışıqlar yolu ilə həll etməyə çağırıb.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays sərhəddə son gərginliklə bağlı açıqladığı bəyanatda Birləşmiş Ştatların Ermənistanla Azərbaycan arasındakı beynəlxalq sərhəddə baş verən son hadisələr, o cümlədən bir neçə erməni əsgərinin Azərbaycan qüvvələri tərəfindən saxlanmasından narahatlığını bildirib.

ATƏT-in Minsk Qrupunun həmsədrləri mayın 28-də Ermənistan Silahlı Qüvvələrinin 6 hərbçisinin Azərbaycan tərəfindən əsir götürülməsinə münasibət bildirərək bəyanat yayıb. Bəyanatda qeyd olunur ki, həmsədrlər mayın 27-də altı erməni əsgərinin saxlanmasına dair xəbərləri diqqətlə izləyir və bütün hərbi əsirlərin və başqa saxlanılanların qaytarılmasına çağırır.

Ermənistan və Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri (ABŞ, Rusiya və Fransa) münaqişə dövründə tərəflər arasında siyasi həll yolu ilə bağlı vasitəşilik missiyası həyata keçirsələr də hər hansı irəliləyişə nail ola bilməyiblər.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən hərbi əməliyyatlar başlayıb və bu 30 illik münaqişənin davamı olub.

Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində 300-dən çox yaşayış məntəqəsi, o cümlədən 5 rayon, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri döyüş əməliyyatlarının dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.

Razılışmaya əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb.

Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyoru, 380 ədəd avtomobil və xüsusi texnikası yerləşdirilib.

Azərbaycanın Ağdam rayonu ərazisində atəşkəs rejiminə nəzarət etmək üçün Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətə başlayıb.

Birgə bəyanatda iqtisadi və nəqliyyat əlaqələrinin, kommunikasiyaların bərpa olunması, Naxçıvanla Azərbaycanın əlaqəsini bərpa edəcək Meğri dəhlizinin açılması, hərbi əsirlər, digər saxlanılan şəxslərin və ölənlərin cəsədlərinin dəyişdirilməsi əksini tapıb.

2021-ci il yanvarın 11-də Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin 10 noyabr bəyanatında nəzərdə tutulanların həyata keçirilməsi məqsədi ilə üç ölkənin hökumətlərinin sədr müavinlərinin birgə həmsədrliyi ilə Üçtərəfli İşçi Qrupunun yaradılması barədə razılığa gəlib.

İşçi qrupu artıq bir neçə görüş keçirib və bölgədə kommunikasiyaların bərpa edilməsi məsələlərini müzakirə edib.

Şərhlərə bax

XS
SM
MD
LG