Accessibility links

Avropa İttifaqı İranın uranı zənginləşdirməsindən dərin narahatlığını bildirib


Avropa İttifaqı çərşənbə axşamı Birləşmiş Millətlər Təşkilatının nüvə təhlükəsizliyi üzrə müşahidə orqanının İranın uranı zənginləşdirməyə başladığı barədə verdiyi xəbərlərdən ciddi narahatlıq keçirdiyini ifadə edib və bu kimi fəaliyyətləri məhdudlaşdıran beynəlxalq nüvə anlaşmasını xilas etmək üçün çalışmağa davam edəcəyini bildirib.

Brüsseldə jurnalistlərə danışan Aİ sözçüsü Peter Stano İranın hərəkətlərinin “nüvə silahlarının yayılmaması məsələsinə gəldikdə ciddi təsirləri olacağını” deyib. Stano İranın "təəssüf doğuran hərəkətinə" baxmayaraq, daha çox İranla nüvə anlaşması kimi tanınan 2015-ci il Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) "hələ də qüvvədə olan yoxlama tədbirlərini ehtiva etdiyini" açıqlayıb.

İran bu yaxınlarda Beynəlxalq Atom Enerjisi Agentliyini uranın zənginləşdirilməsini nüvə razılaşmasının imzalandığı vaxtdan bəri görünməmiş həddə - 20 faizə çatdırmaq planları barədə məlumatlandırıb.

Prezident Donald Tramp 2018-ci ildə ABŞ-ın birtərəfli qaydada razılaşmadan çıxdığını elan etmiş və o vaxtdan bəri İrana qarşı razılaşmaya əsasən qaldırılan sanksiyaları bərpa etmişdi.

Təhlilçilər Tehranın uranın zənginləşdirilməsi ilə bağlı bu son addımının gələcək danışıqlarda ona təsir imkanlarını artırmağa cəhdi ola bildiyini bildirir.

İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərif müqavilənin digər tərəfdaşlarının da tam olaraq buna əməl edəcəyi halda, bu addımın “tamamilə geri döndərilə biləcəyini” deyib.

ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden razılığa qayıtmaq istədiyini deyib. 2015-ci il müqaviləsini xilas etməyin hər kəsin marağında olduğunu söyləyən Stano blokun bütün tərəflərin öz öhdəliklərinə sadiq qaldıqlarına əmin olmaq cəhdlərini gücləndirəcəyini qeyd edib.

XS
SM
MD
LG