Accessibility links

Avropa İttifaqı Rusiya kəşfiyyatına sanksiyalar tətbiq edir


Avropa İttifaqı cümə axşamı Rusiyanın hərbi kəşfiyyat xidmətinin bir şöbəsinə səyahət və maliyyə sanksiyaları tətbiq edib. Sanksiya tətbiq olunanalar arasında dünya boyu böyük kiberhücumlarda şübhəli bilinən Şimali Koreya və Çin firmaları da var.

İttifaqın kiberhücumla əlaqədar tətbiq etdiyi sanksiyalar Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargah Baş İdarəsi kimi tanınan Rusiya hərbi kəşfiyyat xidmətinin xüsusi texnologiyalar şöbəsini hədəf alıb.

İttifaq Rusiya kəşfiyyat xidmətini 2017-ci ilin iyun ayında Avropada bir neçə şirkətə böyük maliyyə itkisi verən iki kiberhücum həyata keçirməkdə ittiham edir. Xidmət həmçinin 2015 və 2016-cı illərdə Ukraynanın elektrik şəbəkəsinə qarşı iki kiberhücumda ittiham olunur.

Bundan əlavə 2018-ci ilin aprelində Hollandiyada Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatına (OPCW) kiberhücumda iştirak etmək iddiası ilə Rusiya hərbi kəşfiyyat xidmətində çalışan dörd şəxsə qarşı da sanksiya tətbiq olunub.

Şimali Koreyanın Chosun Expo şirkətinə isə dünyada bir sıra böyük hücumlara görə məsuliyyət daşıyan Lazarus Qrupunu dəstəkləməsi şübhəsi ilə sanksiya tətbiq olunub. Şirkət o cümlədən dünyanın ən böyük kiber fırıldaqçılığı sayılan əməliyyatda günahlandırılır. İddiaya əsasən Şimali Koreya şirkəti 2016-cı ildə Banqladeş Bankının New York Federal Ehtiyat Bankındakı hesabından 81 milyon dollar oğurlamaqda şübhəli bilinir.

Bundan əlavə şirkətin 2014-cü ildə Şimali Koreya lideri Kim Çonq Un haqqında satirik filmin yayımlanmasının qarşısını almaq üçün Hollywood-un Sony Pictures studiasına edilən hücumla da əlaqəli olduğu iddia edilir.

ABŞ-ın Maliyyə Nazirliyi ötən il Lazarus Group və iki başqa şimali koreyalı haker qrupuna Sony Pictures və Banqladeşin mərkəzi bankına edilən hücumlarda iştirak etdiklərinə görə sanksiyalar tətbiq edib. Haker qruplarının arxasında Şimali Koreyanın əsas kəşfiyyat xidmətinin dayandığı deyilir.

Şimali Koreya kiberhücumlarda iştirakını rədd edib.

Aİ-nın sanksiyaları kiberhücumları dəstəkləməkdə günahlandırılan Çinin Haitai Technology Development şirkətinə də şamil edilib. Şirkət "Cloud Hopper Əməliyyatı" ilə tanınan - dünya boyu transmilli şirkətlədən kommersiya baxımından həssas məlumatların oğurlanmasına yönəlmiş hücumlara dəstək verməkdə ittiham olunur. Bu hücumlarda iştirak etməkdə şübhəli bilinən iki çinli şəxsə də sanksiyalar tətbiq olunub.

Sanksiyalar hədəflədikləri fərdlərə qarşı səfər qadağanlarını və aktivlərin dondurulmasını nəzərdə tutur.

XS
SM
MD
LG