Avropa İttifaqı şərqi Ukraynadakı iğtişaş səbəbilə Rusiyaya qarşı iqtisadi sanksiyaları uzadıb və Rusiyadan Malayziyanın sərnişin təyyarəsinin vurulması ilə bağlı aparılan istintaqda əməkdaşlıq etməsini tələb edib.
“Rusiya sanksiyaları Minsk razılığının yerinə yetirilməməsi səbəbilə yekdilliklə altı ay daha uzadıldı” - deyə, Avropa İttifaqının sözçüsü cümə axşamı bildirib.
O, 2014-cü ildə Ukraynanın şərqində Rusiyanın dəstəklədiyi üsyançılarla Ukrayna qüvvələri arasında döyüşlərə son qoymaq üçün imzalanan razıllğa istinad edib.
Bundan əlavə Avropa İttifaqının Rusiyanın işğal etdiyi Krımda biznes aparmağı qadağan edən ayrı sanksiyalar da bir il uzadılıb.
Avropa İttifaqı həmçimin şərqi Ukraynada verilən Rusiya passportlarını tanımağı rədd edən tədbiri qəbul etməyi nəzərdən keçirir.
Aİ liderləri həm də Rusiyanın Niderlandın başçılığı ilə 2014-cü ildə Ukraynanın şərqi üzərində Malayziya təyyarəsinin vurulması ilə bağlı istintaqda “tam əməkdaşlıq” etməsini tələb edir.
Prokurorlar çərşənbə günü üç rusiyalı -İqor Qirkin, Sergey Dubinski və Oleq Pulatov - və ukraynalı Leonid Karçenkoya qarşı qətl ittihamı irəli sürüb.
“Avropa Şurası bütün qurbanlar və ailələri üçün həqiqətin, ədalətin və cavabdehliyin təmin olunması üçün aparılan bütün səylərə dəstəyini bir daha ifadə edir”.
Amsterdamdan Kuala Lumpura uçan Malayziya Hava Yollarına aid 17 nömrəli reys 2014-cü ilin iyulun 17-də Ukraynanın şərqində havada vurulub.
Müstəntiqlər onu Rusiyanın təyyarə əleyhinə raketinin vurduğunu deyir. Onlar Rusiyanın dəstəklədiyi ukraynalı üsyançıların sərnişin təyyarəsinin Ukraynanın hərbi təyyarəsi olduğunu düşünərək onu vurduğuna inanır. Rusiya isə raketi Ukrayna ordusunun atdığını təkid edir.
Rusiya Kiyev hökümətinə qarşı döyüşən ukraynalı üsyançıları dəstəkləyir amma Ukraynanın şərqinə əsgər və ağır silahlar göndərdiyini inkar edir.