Accessibility links

Avropa İttifaqının yetkin əhalisinin 70%-i peyvənd olunub


Ursula Von der Leyen
Ursula Von der Leyen

Avropa Komissiyasının prezidenti Ursula Von der Leyen çərşənbə axşamı Avropa İttifaqının bütün yetkin əhalisinin 70%-nin (250 milyondan çox insan) tam peyvənd olunduğunu deyib.

Von der Leyen Avropa İttifaqının Brüsseldəki qərargahından göndərdiyi video mesajında bunu "birlikdə işləyərkən nələr edə biləcəyimizi həqiqətən göstərən böyük bir uğur" adlandırıb.

Lakin o, hələ pandemiyanın sona çatmadığı barədə xəbərdarlıq edib və bir çox avropalını yeni infeksiyaların və yeni variantların qarşısını almaq üçün ən qısa müddətdə peyvənd olunmağa çağırıb.

Bazar ertəsi Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru Hans Kluqe son altı həftə ərzində qitədə peyvənd sürəti nisbətinin azalması ilə bağlı xəbərdarlıq edib. O, bu durğun rəqəmlərin bəzi azgəlirli ölkələrin peyvəndi əldə edə bilməməsi, digərlərində isə peyvənd qəbul edilməməsi səbəbindən qaynaqlandığını deyib.

Onun sözlərinə görə, az və orta gəlirli Avropa ölkələrində yaşayan insanların yalnız 6 faizi peyvəndin tam dozasını alıb. Avropalı səhiyyə işçilərinin təxminən 75%-nə COVID-19 peyvəndinin tam dozası vurulsa da, bəzi ölkələr səhiyyə işçilərinin yalnız 10%-nə peyvənd vura bilib.

Von der Leyen Avropa İttidaqını az və orta gəlirli ölkələri peyvəndlə təmin edən COVAX-ın qlobal peyvənd təşəbbüsünü dəstəkləməyə davam etməyə çağırıb və dünyanın qalan hissəsinin peyvənd olunmasına yardım edilməli olduğunu deyib. O, pandemiyanın yalnız dünyanın hər yerində məğlub ediləcəyi təqdirdə sona çatacağını bildirib.

XS
SM
MD
LG