Accessibility links

Avropa İnsan Hüquqları Məhkəməsi bloklanmış saytlarla bağlı şikayətini araşdırmağa başlayıb


Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycandan göndərilən beş şikayəti araşdırmağa başlayıb.

Bu barədə hüquqşünas Xalid Ağaliyev Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, bu işlər AzadlıqRadiosunun (azadliq.org), anaxeber.az, 24saat.org və xural.com saytlarının Rabitə Nazirliyinin müraciəti üzrə, məhkəmə qərarları ilə məhdudlaşdırılması ilə bağlıdır.

Hüquqşünasın sözlərinə görə, həmin məhkəmə qərarları milli təhlükəsizliyin, ərazi bütövlüyünün, ictimai asayişin və iğtişaşların və cinayətlərin qarşısının alınması maraqları ilə əsaslandırılıb.

Xalid Ağaliyev bildirib ki, ərizəçilər şikayətlərində Konvensiyanın 10-cu (fikri ifadə etmək azadlığı) və 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri), eləcə də digər maddələrinin pozulduğunu iddia edirlər.

Məhkəmə Azərbaycan hökümətinə bu iş üzrə suallar göndərib.

“AİHM bu işlərdə həm də hökumətdən bloklamanın siyasi olub-olmamasına (Konvensiyanın 18-ci maddəsi) izahat istəyib” - deyə, o bildirib.

Xatırlatma

Azərbaycanda saytların bloklanmasına, əsasən, 2017-ci ildə ”İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanununa edilən dəyişikliklərdən sonra başlanıb. Martın sonundan AzadlıqRadiosu daxil olmaqla, ölkədə bir neçə müstəqil və müxalifyönlü sayta giriş əngəllənib. Mayın 12-də isə Səbail Rayon Məhkəməsi bununla bağlı qərar verib. Söhbət AzadlıqRadiosunun, ”Azadlıq” qəzetinin, MeydanTV-nin, TuranTV-nin və ”Azərbaycan saatı” televiziya proqramının saytlarından gedir.

Məhkəmə qərarı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iddiası əsasında verilib. Nazirlik iddiasının Baş Prokurorluğun müraciətinə söykəndiyini bildirib. Müraciətdə sözügedən saytlarda dövlətin maraqlarına ziyan vuran bir sıra yazıların yayıldığı iddia edilib. Saytların nümayəndələri ittihamları qəbul etmir. Onlar bildiriblər ki, Rabitə Nazirliyinin qərarı Avropa İnsan Hüquqları Konvensiyasına, Türkiyədə saytların bloklanması ilə bağlı Strasburq məhkəməsinin qərarına, həmçinin Avropa Şurası Nazirlər Komitəsinin 2016-cı il qətnaməsinə ziddir. Belə ki, həmin qətnaməyə görə məhdudiyyət ancaq konkret informasiyaya qoyula bilər.

Media üzrə ekspertlər Azərbaycanda bloklanmanın xəbər saytlarına yönəldilməsini narahatlıqla qarşılayıblar. Onlar hesab edir ki, bütün bunlar ifadə azadlığına ziddir.

AzadlıqRadiosu (RFE/RL) Azərbaycan Ali Məhkəməsinin radionun saytının bloklanması qərarını qüvvədə saxlamasını kəskin tənqid edib.

“Hələ 2014-cü ildə, Azərbaycan hakimiyyəti qanunu və uyğun prosedurları saya salmadan büromuzu bağlayanda bizim və bütünlükdə müstəqil medianın hədəf alındığını öyrəndik”, radionun prezidenti Tomas Kent 2018-ci ilin bəyanatında bildirmişdi.

“Məhkəmənin qərarı bunu təsdiqləyir”, cənab Kent Ali Məhkəmənin iyunun 4-də çıxardığı qərarı barədə deyib.

"AzadlıqRadiosu Azərbaycan xidməti vebsaytının - azadliq.org-un bloklanmasını ləğv etmək üçün iki dəfə məhkəmə şikayəti versə də, heç biri təmin olunmayıb, “baxmayaraq ki, hakimiyyət heç bir instansiyada iddialarını əsaslandıracaq dəlil ortaya qoya bilməyib”, sənəddə deyilir.

Azadliq.org Azərbaycanda 2017-ci ilin martından Baş Prokurorluğun göstərişilə bloklanıb. Prokurorluq vebsaytın ölkənin milli təhlükəsizliyinə “hədə” yaratdığını bildirib.

AzadlıqRadiosunun Bakı bürosu bağlanıb

AzadlıqRadiosunun Bakı bürosu 2014-cü ilin dekabrında bağlanıb. Radionun Bakı bürosuna vergi ilə əlaqədar iki ittiham da daxil olmaqla, bir sıra ittihamlar irəli sürülüb. AzadlıqRadiosu dəfələrlə bu ittihamların qondarma olduğunu bildirib. Radio bununla əlaqədar da 2017-ci ilin iyununda Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib.

Beynəlxalq təşkilatçıların reaksiyası

“Sərhədsiz Reportyorlar” mətbuata dəstək təşkilatının dünya üzrə 2021-ci ilin Mətbuat Azadlığı İndeksində göstərlir ki, 180 ölkədən 73-də jurnalistika xeyli çətinləşib, 59 ölkədə məhdudlaşdırılıb.

Bu indeks üzrə Azərbaycan ötən ilə nisbətdə bir pillə irəliləyərək 167-ci yerdə qərarlaşıb. Lakin yerli və beynəlxalq ekspertlər Azərbaycanda medianın vəziyyətinin ağır olaraq qaldığını düşünür. Onlar hesab edir ki, Azərbaycanda uzun illərdir bir sıra müstəqil media qurumlarına qarşı təzyiq kampaniyaları davam etdirilir.

Jurnalistləri Müdafiə Komitəsinin məlumatına görə, Azərbaycanda ümumilikdə 5 jurnalist öldürülüb. Hazırda 4 jurnalist həbsdədir. Ölkədə beynəlxalq media təşkilatı olan AzadlıqRadiosunun Bakı bürosu isə 2014-cü ilin dekabrından bağlanıb.

Rəsmilər radiounun sənədlərini və avadanlıqlarını müsadirə edib. Müstəqil Avropa Radiosu/ Azadlıq Radiosunun 12 əməkdaşı hüquq mühafizə işçiləri tərəfindən saxlanılaraq dindirilib. Radionun əməkdaşı olmuş araşdırmaçı jurnalist Xədicə İsmayıl vergidən yayınma, qanunsuz sahibkarlıq və digər maddələrlə həbs edilir. Daha sonra, 2016-ci ilin mayında şərti azadlığa buraxılır və ölkədən çıxışına qadağa qoyulur.

2017-ci ildə ölkənin ilk müstəqil agentliyi olan Turan İnformasiya Agentliyi bağlanıb. Külli miqdarda vergidən yayınma ittihamı ilə agentliyin direktoru Mehman Əliyev həbs edilib. Bunun ardınca Azərbaycanda bir sıra müstəqil, müxalifyönlü saytlar bloklanıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG