Accessibility links

ABŞ, Avropa İttifaqı və Britaniya Çinin bir neçə rəsmisinə sanksiya tətbiq edib


ABŞ, Avropa İttifaqı və Britaniya Çinin Sincan vilayətindəki müsəlman uyğur azlığına qarşı insan haqlarının pozulmasına görə Çinin bir neçə rəsmisinə sanksiya tətbiq edib.

ABŞ Dövlət katibi Entoni Blinken ABŞ-ın sanksiyalar qərarını müttəfiqləri ilə tam razılaşmadan sonra qəbul etdiyini deyib.

"Tərəfdaşlarımız da bizimlə birlikdə Sincanda və digər ölkələrdə baş verən vəhşiliklərlə əlaqədar insan haqlarını pozanlara sanksiya tətbiq etdi" - deyə, Blinken bazar ertəsi verdiyi açıqlamasında bildirib.

ABŞ-ın Maliyyə Nazirliyi bazar ertəsi sanksiyaların Çinin iki məmuruna - Sincanın baş katibinin keçmiş müavini Van Junzenq və Sincan Asayiş Bürosunun direktoru Çin Minqoya tətbiq olunduğunu bəyan edib.

Avropa İttifaqı və Britaniya da eyni məmurlara və digər iki nəfərə- Kommunist Partiyasının Sincandakı komitəsinin daimi üzvü Van Minşan və Çinin Sincan bölgəsinin keçmiş başçısı Zu Haylna sanksiya tətbiq edib.

Çinin Xarici İşlər Nazirliyi ilk sanksiyalar elan edilməsindən dərhal sonra reaksiya verərək, bunların “yalan və dezinformasiyadan başqa bir şeyə əsaslanmadığını” deyib.

Bundan sonra Çin “yalan və dezinformasiya”yaydıqlarına görə 10 şəxsə və 4 quruma qarşı öz sanksiyalarını elan edib. Sanksiya tətbiq olunanlara Avropa Parlamentinin beş üzvü də daxildir.

Sincan İstehsalat və İnşaat Korpusunun İctimai Təhlükəsizlik Bürosu da Britaniya və Avropa İttifaqının sanksiyalarına məruz qalıb.

Avropa İttifaqının 27 üzv ölkəsinin hamısı sanksiyalara razılıq verib.

XS
SM
MD
LG