Accessibility links

Yunanıstan, Almaniya və Avropa İttifaqının digər 5 ölkəsi səyahətçilər üçün peyvənd sertifikatı sistemi tətbiq edəcək


Avropa Birliyinə üzv olan Yunanıstan, Almaniya və digər beş ölkə çərşənbə axşamı səyahətçilər üçün ümumi peyvənd sertifikatı sistemini təqdim edib. Bu sistem, proqramın iyulun 1-də qüvvəyə minməsi gözləniləndən bir neçə həftə əvvəl tətbiq olunmağa başlayıb.

Avropa Komissiyasının bildirdiyinə görə, bu sistemə erkəndən başlayan ölkərə Bolqarıstan, Çex Respublikası, Danimarka, Xorvatiya və Polşa da daxildir.

İqtisadiyyatı əsasən turizmdən asılı olan Yunanıstan bir müddətdir əlavə təhlükəsizlik xüsusiyyətləri olan QR kodlu sertifikatdan istifadəyə çağırırdı. Sertifikatlar peyvəndin tam dozası tətbiq olunmuş, virusa yoluxmuş və orqanizmində anti-cismlər olan və son 72 saat ərzində PCR testindən keçmiş şəxslərə verilir.

Həm rəqəmsal, həm də kağız formalarında olan sənədlər pulsuz olacaq. Həmin sənədlər həm ölkələrin rəsmi dillərində, həm də ingilis dilində olacaq və bloka daxil olan bütün ölkələrdə etibarlı sayılacaq.

"Avropa İttifaqınin vətəndaşları yenidən səyahət etməyi səbirsizliklə gözləyir və bunu təhlükəsiz şəkildə etmək istəyir. Avropa İttifaqının sertifikatı bu yolda mühüm bir addımdır" - deyə, Avropa İttifaqının səhiyyə üzrə komisarı Stella Kiriakides bildirib.

Yunanıstanın rəqəmsal idarəetmə naziri Kiriakos Pierrakakis ölkələrin yeni qaydaları tətbiq etməsi ilə Avropa İttifaqı daxilində səyahətlərin daha asan olacağını deyib.

"Ölkələr öz şəxsi sənədlərindən istifadəni dayandırsınlar və ümumi sertifikatdan istifadə etsinlər. Bu, işləri xeyli asanlaşdıracaq, çünki belə olmadığı təqdirdə tərəflər arasında müqavilələrin sayını təsəvvür edə bilərsiniz" - deyə, Pierrakakis Skai televiziyasına müsahibəsində bildirib.

Kiriakides deyib ki, bu sistemin işləməsi üçün bütün Avropa Birliyi ölkələri yaxın həftələrdə "tətil mövsümünə qədər sertifikatların verilməsi, saxlanılması və təsdiqlənməsi işlərini tamamlamalıdır".

XS
SM
MD
LG