Accessibility links

Avropa İttifaqı və Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycana tibbi ləvazimatlar təqdim edib


Dekabrın 24-də Avropa İttifaqı (Aİ) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-lu ağır xəstələrin müalicəsində istifadə olunması üçün 52 xəstə monitoru, 258 nazal oksigen kansulu, 258 venturi maskası, 123 ədəd pulsoksimetr, tibbi ləvazimatların ehtiyat hissələri, eləcə də tibb işçilərinə COVID-19 pandemiyası ilə təhlükəsiz mübarizə aparmaqda kömək etmək məqsədilə 987 min cüt müayinə əlcəyini Azərbaycanın Səhiyyə Nazirliyinə təhvil verib.

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin məlumatında deyilir ki, tibbi ləvazimatlar Aİ-nin maliyyə dəstəyi ilə ÜST-nin Azərbaycan nümayəndəliyi tərəfindən “Sağlamlıq üçün həmrəylik təşəbbüsü” layihəsi çərçivəsində ölkəyə gətirilib.

Bu il martın 27-də Avropa İttifaqı Azərbaycan daxil olmaqla, Şərqi Avropa və Qafqazda altı ölkədə, COVID-19 pandemiyasının qarşısını almaq, virusu aşkar etmək və mübarizə aparmaq məqsədilə 30 milyon avro dəyərində yardım paketi ayırdığını elan edib.

Bununla yanaşı, son bir neçə gündə ÜST adından Azərbaycanın Səhiyyə Nazirliyinə 1 milyon tibbi maska təhvil verilib. Daha əvvəl bu qurum Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) 1 milyon, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə 250 min, Sosial Xidmətlər Agentliyinə 100 min, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi və “Sağlamlığa Xidmət” İctimai Birliyinin hər birinə 5 min ədəd maska təhvil verib.

XS
SM
MD
LG