Accessibility links

Avropa Komissarı polisi vətəndaşların hüquqlarını pozmamağa çağırır


Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviç Azərbaycan daxili İşlər naziri Vilayət Eyvazova məktub göndərib.

Məktubda bu yaxınlarda Bakıda keçirilən etirazlar zamanı polisin dinc aksiyalara qarşı zorakılığı və nümayişçilərin dağıdılması ilə bağlı narahatlıq ifadə olunub.

Komissar xüsusən Bakının mərkəzində bütün dinc etiraz formalarının qadağan edilməsi, inzibati həbslər və cərimələr, etiraz aksiyalarını işıqlandıran jurnalistlərə qarşı amansız rəftardan narahatdır.

Dinc nümayişçilər nümayişdə iştiraklarına və fəallıqlarına görə sanksiyalara məruz qalmamalıdır, hakimiyyət isə nümayişçilərin və jurnalistlərin xəsarət alması hallarını araşdırmalıdır.

"Mənə həmçinin məlum olub ki, bir neçə etirazçı planlaşdırılan nümayişdən əvvəl həbs edilib, avtomobil və ya avtobusla uzağa, bəzən Bakıdan yüzlərlə kilometr uzaqdakı yerlərə aparılıb, bu da onların etiraz aksiyasında iştirakına imkan verməyib. Bundan başqa, etiraz aksiyalarını işıqlandıran jurnalistlər etiraz aksiyaları dağıdılarkən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən amansız rəftara məruz qoyulub," komissar qeyd edib.

"Hakimiyyətin tətbiq etdiyi son məhdudiyyətlərin Azərbaycanda dinc toplaşmaq azadlığına ölçüsüz müdaxilə təşkil etməsindən narahatam. Qeyd etmək istəyirəm ki, ATƏT DTİHB-nin və Venesiya Komissiyasının dinc toplaşmaq azadlığı ilə bağlı təlimatına əsasən, qabaqcadan məlumatlandırma yalnız dövlətə toplaşma azadlığı və ictimai asayiş üçün şərait yaratmaq imkanı verməyə ehtiyac olduğu zaman tələb olunur," o bildirib.

"Həmçinin, nümayişlər çərçivəsində fəaliyyət göstərən polis əməkdaşlarının proporsional güc tətbiqi məsələləri üzrə xüsusi hazırlıq keçməsini təmin etmək vacibdir," Miyatoviçin məktubunda qeyd edilir.

Cavab məktubunda Vilayət Eyvazov bildirir ki, bir qrup şəxs "nəqliyyatın hərəkətinin intensiv və əhalinin sıxlığının yüksək olduğu" MSK qarşısında etiraz aksiyaları keçirirdi. Təşkilatçılar polisə dəvət olunub və onlara əməllərinin qanunsuz olduğu bildirilib. Buna baxmayaraq, fevralın 16-da 120 nəfər MSK qarşısında yığışıb, "vətəndaşların istirahət hüququnu və nəqliyyatın normal hərəkətini pozaraq, qanunsuz mitinq" keçirməyə cəhd edib.

"Bu zonada yaşayan vətəndaşların DİN-ə daxil olan fasiləsiz şikayətlərini nəzərə alaraq, hadisə yerinə polis qüvvələri göndərilib. Qanunsuz aksiyaya son vermək tələblərinə baxmayaraq, təşkilatçılar bu çağırışlara məhəl qoymayıblar".

Bunu nəzərə alaraq, polis aksiyanın "xüsusi aqressivliyi ilə" fərqlənən iştirakçılarını saxlayıb," Eyvazov cavabında yazır.

Jurnalistlərə qarşı zorakılıq faktlarına gəlincə, nazir səmimi təəccüb ifadə edərək, "jurnalistlərə qarşı ümumiyyətlə zorakılıq olmadığını, əksinə, bəzi jurnalistlərin qəsdən polisin funksiyalarını yerinə yetirməsinə mane olduğunu" bildirir.

Daha sonra DİN başçısı iddia edir ki, Azərbaycan hakimiyyəti "Toplaşma Azadlığı haqqında" Qanun çərçivəsində fəaliyyət göstərir və Azərbaycan qanunvericiliyi" bir sıra Avropa ölkələrinin qanunlarından daha liberal və daha humanistdir."

XS
SM
MD
LG