Ümumdünya Səhiyyə Təşkilatının regional direktoru cümə axşamı bildirib ki, Avropa COVID-19 pandemiyasının zirvə nöqtəsindədir və yoluxma halları milyona yaxınlaşır. O, bu səbəbdən Avropa ölkələrinin təcridlərin yüngülləşdirilməsi məsələsinə çox ehtiyatla yanaşmalı olduğunu deyib.
“Region boyu yoluxanların sayı artmaqda davam edir. Son 10 gündə Avropada yoluxma hallarının sayı təxminən iki dəfə artaraq 1 milyona yaxınlaşıb” - deyə, Ümumdünya Səhiyyə Təşkilatının Avropa direktoru Hans Klyuq onlaynla keçirilən brifinqdə jurnalistlərə bildirib.
Klyuq COVID-19-un qlobal yayılma nisbətinin təxminən 50 faizinin Avropada olduğunu deyib. Onun sözlərinə görə, Avropada 84 mindən çox insan koronavirus epidemiyası səbəbindən ölüb.
”Bu pandemiyanın qara buludları hələ də Avropanın üzərindədir” - deyib, Klyuq.
Bəzi ölkələr məhdudiyyətlərin azaldılmasını, məktəblərin və bəzi iş yerlərinin yenidən açılmasını düşünməyə başladığına görə Klyuq belə keçidin mürəkkəbliyini və qeyri-müəyyənliyini başa düşməyin vacib olduğunu deyib.
Dünyadakı şirkətlər və siyasətçilər uzun müddət davam edəcək bir bağlanmanın iqtisadi təsirlərindən narahatdır və Avropanın Almaniya, Danimarka, İspaniya və başqa ölkələri bəzi sosial məhdudiyyətləri yüngülləşdirmək yollarını düşünür.