Accessibility links

Avropa liderləri Belarusda seçki nəticələrini tanımır


Almaniya kansleri Angela Merkel

Almaniya kansleri Angela Merkel avqustun 19-da Belarusdakı siyasi böhrana həsr olunmuş xüsusi sammitdən sonra Aİ ölkələrinin dövlət və hökumət başçılarının bu ölkədəki seçkilərin nəticələrini tanımadıqlarını açıqlayıb.

"Belarusda seçkilərdə səsvermə nə ədalətli, nə də azad olub" - deyə, Merkel bildirib. "Seçkilərdə kütləvi pozuntuların olduğuna şübhə yoxdur. Biz insanlara qarşı qəddar zorakılığı pisləyirik. Bütün saxlanılanlar qeyd-şərtsiz azad edilməlidir”, o əlavə edib.

Sammitdən sonra Lukaşenkonun özü, onun yaxın çevrəsinə aid olan şəxslər və Belarus təhlükəsizlik qüvvələrinə qarşı sanksiyalar barədə qərar veriləcəyi gözlənilir. Bundan əvvəl, Avropa Parlamentində təmsil olunan ən böyük partiyalar Lukaşenkonu persona non-grata elan edərək, yayımladıqları bəyanatda "Yaşasın Belarus!" ("Jive Belarus!") sözlərini qeyd etmişlər.

Kanada, Böyük Britaniya və bir sıra Aİ ölkələri, o cümlədən Belarusun qonşu Litva və Polşa, eləcə də Avstriya 9 avqustda Belarusdakı seçkilərin nəticələrini tanımayıb. MSK ölkəni 26 il ərzində idarə edən Aleksander Lukaşenkonun 80% səs topladığını iddia edərək, onu seçkilərin qalib elan edib.

Lukaşenkonun seçkilərdəki əsas rəqibi Svetlana Tixanovskayanın seçki qərargahı da səsvermənin rəsmi nəticələrini tanımayıb. O, avqustun 19-da səhər Aİ liderlərini də eyni addımı atmağa çağırıb.

Belarusda ikinci həftədir ki, yeni, ədalətli seçki tələbi ilə kütləvi etiraz aksiyaları və tətillər davam edir. Seçki nəticələrini saxtalaşdırdığı üçün Lukaşenkonun və MSK rəhbəri Yarmoşinanın istefası tələb olunur. Belarus təhlükəsizlik qüvvələri etirazları amansızcasına yatırması nəticəsində 7 mindən çox insan həbs edilib, yüzlərlə insan döyülüb və nəzarət altına alınıb.

XS
SM
MD
LG