Avropa Şurasının prezidenti Donald Task Fransada Böyük Yeddilik sammitindən öncə çıxış edərkən deyib ki, ötən il “bizim ortaq dil tapmağımız çətin olub”.
Dünyanın ən böyük iqtisadiyyatlarından ibarət G-7 ittifaqı ortaq dil tapmaqda çətinlik çəksə də, Task şənbə günü üzvlərin üzləşdiyi problemləri asanlıqla izah edib.
O deyib ki, qrup heç bir halda ABŞ prezidentinin Rusiyanı G-7-ə geri gətirmək təklini qəbul etməyəcək.
Task həmçinin deyib ki, blok Britaniya ilə razılıqsız Brexit üzərində əməkdaşlıq etməyəcək. “Biz operativ, realistik və bütün Aİ üzvlərininin qəbul edəcəyi ideyaları dinləməyə hazırıq”, o deyib.
O, G-7 qrupuna xəbərdarlıq edib ki, ticarət müharibələri onlar arasında “inamın azalmasına” gətirib çıxaracaq.
G-7 bloku şənbə, bazar və bazar ertəsi Biarritzdə illik sammitini keçirəcək.
G-7 liderləri yalnız ən mühüm iqtisadi məsələləri həll etməyəcək, onlar həm də anti-qlobalist düşüncələri və müttəfiqlərinə qarşı davakar mövqeyi ilə tanınan ABŞ prezidentinin temperamentini idarə etməli olacaqlar.
Tramp artıq Fransadadır. Lakin o, dünya liderləri ilə “çox məhsuldar” danışıqlar aparacağını gözlədiyini desə də, cümə günü Ağ Evi tərk edərkən Fransa ABŞ-ın texnologiya şirkətlərinə vergi tətbiq etsə, Fransa şərabına tarif tətbiq edəcəyini söyləyib.
Parisdə qərargahlanan Sciences Po institutunun tədqiqatçı professoru Karolin Postel-Viney deyib ki, bu il G-7-ə prezientlik edən Makron Trampla qarşıdurmadan yayınmaq üçünbu ilki sammitə başqa yanaşma tətbiq edəcək. Ötən il Qvebekin Şarlvua şəhərində keçirilən G-7 sammiti zamanı Tramp G-7-nin bir neçə üzvü ilə ticarəti kəsməklə hədələmiş, G-7-ə ev sahibliyi edən Kanada baş naziri Castin Trudonu təhqir edərək, Twitterdə onu “dilsiz-ağızsız və yumşaq” adlandırmışdı.
Tramp həmçinin Birləşmiş Ştatlara qarşı cavab tarifləri tətbiq etməyi vəd edən Trudoya etiraz olaraq 2018-ci ilin G-7 sammitinin rəsmi ictimai bəyanatını dəstəkləməmişdi.
Makron çərşənbə axşamı Parisdə müxbirlərə deyib ki, bu ilki sammitin sonunda rəsmi bəyanat olmayacaq. O qeyd edib ki, buna səbəb Tramp və digər liderlərinİran və iqlim dəyişikliyi kimi mühüm məsələlər üzərindəki fikir ayrılıqlarıdır.
Bu, rəsmi bəyanat olmadan başa çatacaq ilk G-7 sammiti olacaq.