Accessibility links

Avropa Məhkəməsi Azərbaycanla bağlı dörd qərarını elan edəcək


Avropa Məhkəməsi
Avropa Məhkəməsi

Avropa İnsan Hüquqları Məhkəməsi mayın 20-də Azərbaycandan göndərilmiş dörd şikayət üzrə qərarlarını elan edəcək.

Hüquqşünas Xalid Ağaliyevin Amerikanın Səsinə verdiyi məlumata görə, bu işlər birləşmək hüququnun pozuntusu iddiaları və 2017-ci ildə həbs edilmiş bloger Aleksandr Lapşinin şikayəti ilə bağlıdır.

"Mehman Əliyev və başqaları Azərbaycana qarşı" işi birləşmək hüququnun pozuntusu iddiaları ilə bağlıdır.

Belə ki, Mehman Əliyev və başqaları 2009-cu ildə “Media Monitorinq Institutu”nu təsis etsələr də, Ədliyyə Nazirliyi həmin birliyi qeydiyyata almayıb. Yerli məhkəmələr də bunu qanuni sayıb.

Azərbaycana qarşı digər iş “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” birliyinin təsisçisi Elçin Məmmədlə bağlıdır. Bu işdə ərizəçinin təsisçisi olduğu “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” birliyinin dövlət qeydiyyatına alınmasından imtina edilib.

Hüquqşünas deyir ki, Avropa məhkəməsi həmçinin "Elçin Abdullayev və başqaları Azərbaycana qarşı" işinə də baxacaq

Bu işdə ərizəçilər Abdullayev və Nurməmmədov təsisçiləri olduqları (“HİV/AİDS və Vərəmli Xəstələrin Reabilitasiya və Müdafiə Mərkəzi”nin dövlət qeydiyyatına alınması üçün Ədliyyə Nazirliyinə qanuna müvafiq şəkildə müraciət etsələr də qeydiyyatdan imtina olunub. Yerli məhkəmələr nazirliyin qərarını haqlı sayıblar.

Hər 3 işdə birləşmək və ədalətli məhkəmə araşdırması hüququnun pozulduğu iddia edilir. Hüquqşunas İntiqam Əliyevin təmsilçi olduğu işlərdə fərdi müraciət hüququnun pozuntusu da mübahisələndirilib.

Azərbaycana qarşı digər iş "Aleksandr Lapşin Azərbaycana qarşı" işidir. Bu iş İsrail, Rusiya və Ukrayna vətəndaşlığı olan ərizəçinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə qanunsuz daxil olması səbəbindən saxlanılması, həbs edilməsi, azadlıqdan məhrum olunması zamanı baş verən olaylarla bağlıdır. Ərizəçi yaşamaq və azadlıq-toxunulmazlıq hüququna müdaxilə baş verdiyini iddia edir.

XS
SM
MD
LG