Accessibility links

Avropa Məhkəməsi Azərbaycan üzrə bir neçə qərarını elan edib


Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) yanvarın 14-də Azərbaycandan göndərilmiş şikayətlər üzrə bir neçə qərarını elan edib. Qərarlar içərisində AXCP üzvləri, Müsavat Partiyasının üzvünün hazırda mühacirətdə olan şəxslərin ərizələri yer alıb.

Hüquqşünas Xalid Ağaliyev Amerikanın Səsinə deyib ki, qərarların hamısında ərizəçilərin iddia etdikləri pozuntular tanınıb.

Turan İbrahimov Azərbaycana qarşı iş üzrə AİHM Konvensiyanın 6-cı (1) maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) pozuntusunu tanıyıb. Hökumət ərizəçiyə 4100 avro təzminat ödəməlidir.

Cabbar Savalanlı Azərbaycana qarşı iş üzrə AİHM Konvensiyanın 6-cı (1) maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) pozuntusunu tanıyıb. Hökumət ərizəçiyə 4350 avro təzminat ödəməlidir.

Fariz Məmmədov Azərbaycana qarşı iş üzrə AİHM Konvensiyanın 6-cı (1) (3) maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) pozuntusunu tanıyıb.

AİHM daha iki şikayət üzrə qərarında ərizələrin qəbuledilməz olması qənaətinə gəlib. Həmin işlər aşağıdakılardır.

Yadigar Sadıqlı Azərbaycana qarşı iş üzrə şikayəti AİHM qəbuledilməz elan edib.

Sadıqov 2013-cü ildə xuliqanlıq ittihamı ilə həbs edilib, məhkəmələr ittihamı əsaslı hesab edərək onu 6 il müddətinə azadlıqdan məhrum edib. Cinayət işini qurama sayan beynəlxalq hüquq müdafiə təşkilatları müxalif siyasətçini vicdan məhbusu elan edib. Sadıqov həmin cinayət işi üzrə keçirilən məhkəmə iclaslarında metal qəfəsdə saxlanılmasından şikayət edib. Şikayətləri yerli məhkəmələrdə rədd edilən siyasətçi hesab edir ki, məhkəmədə metal qəfəsə yerləşdirilməsi onun Konvensiyanın 3-cü maddəsi ilə təminat altına alınan hüquqlarına müdaxilə təşkil edib.

Məmməd Qurbanov və Nadir Məmmədov Azərbaycana qarşı iş üzrə şikayəti də AİHM qəbulediməz elan edib.

Bu işdə Naxçıvandan olan sahibkar, hazırda siyasi mühacir olan Məmməd Qurbanov və onun kürəkəni Nadir Məmmədov iddia edirdilər ki, 2013-cü ildə gömrük əməkdaşları tərəfindən zorakılığa məruz qalıblar. Bununla bağlı polisə şikayət etmələrindən sonra dövlət məmuruna müqavimət göstərmək ittihamı ilə həbs ediliblər. Onlar Avropa Məhkəməsi qarşısında iddia edirlər ki, yerli məhkəmələrdə vəkilə çatım təmin olunmadığından ədalətli məhkəmə araşdırması hüquqlarına müdaxilə edilib.

XS
SM
MD
LG