Accessibility links

Avropa Məhkəməsi Azərbaycan hökumətinin şikayətçilərə 126 min avro təzminat ödəməsi barədə qərarlar qəbul edib


Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, yanvarın 13-də Azərbaycandan göndərilmiş 15-dən çox ərizə üzrə 6 yekun qərar və qərardadlarını elan edib. Qərarlardan biri mahiyyəti üzrədir. Ərizəçilərə ümumilikdə, 126 min avrodan artıq təzminat ödənilməlidir.

Bu barədə aihmaz.org saytı məlumat yayıb.

Səid Haşemi və başqaları Azərbaycana qarşı şikayətdə AİHM ərizəçilərə münasibətdə şəxsi həyata hörmət hüququna müdaxilənin baş verdiyi qənaətinə gəlib. Hökumət ərizəçilərin hər birinə 2100 avro təzminat ödəməlidir.

Bu işdə əcnəbi vətəndaşlar olan ərizəçilər - Səid Haşemi, Məhəmməd Ehsani, Ruhullah Rüstəmi, Şaimə Əliközie, Nafiza Əhmədzadə, Eyaz Qureşi, Məhəmməd Heydəri Azərbaycan ərazisində doğulmuş, doğum haqda şəhadətnamələri olan övladlarına ölkə vətəndaşlığının verilməsindən imtina olunmasından şikayət edib. Hesab edirlər ki, onların şəxsi həyata hörmət hüquqlarına müdaxilə baş verib.

Akif Nəsirli və başqaları Azərbaycana qarşı şikayətində yekun qərardad iddia olunan pozuntuları etiraf edən hökumətin təqdim etdiyi təktərəfli bəyannaməyə əsasən elan edilib.

Ərizəçilər bəyannaməyə münasibət bildirməyib. İki ərizəçinin hər birinə 4750 avro təzminat ödənilməlidir.

Hər iki iş qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatına alınmasından imtina olunması ilə bağlıdır. Ədliyyə Nazirliyi tərəfindən müvafiq müraciətləri dəfələrlə rədd edilən ərizəçilər, birləşmək və ədalətli məhkəmə araşdırması hüquqlarının müdaxiləyə məruz qaldığını iddia edir.

Mehman Ağayev Azərbaycana qarşı şikayətində tərəflər dostca anlaşıblar. Anlaşmaya əsasən, hökumət ərizəçiyə 11 000 avro təzminat ödəyəcək.

Bu iş mülkiyyət hüququnun pozuntusu iddiaları ilə bağlıdır. Ərizəçinin mənzili, mənzilin yerləşdiyi bina Bakıdakı Qış Parkı bağ-park kompleksinin salınması məqsədi ilə sökülüb. Ona məxsus mülkiyyətin özgəninkiləşdirilməsi prosesinin qanunsuzluğundan şikayət edən ərizəçinin iddiasına görə, şəxsi həyata hörmət, mülkiyyət və səmərəli hüquq müdafiələrinə malik olmaq hüquqlarına müdaxilə baş verib.

Cəlilov və başqaları Azərbaycana qarşı şikayətində qərardad hökumətin təktərəfli bəyannaməsinə əsasən çıxarılıb. Qərardada görə, hökumət 5 ərizəçinin hər birinə 1750 avro təzminat ödəməlidir.

Bu iş məhkəmə qərarlarının icra edilməməsi ilə bağlıdır.

İqbal Ağazadə Azərbaycana qarşı şikayətində ərizəçi AİHM-dən şikayətini geri götürdüyü üçün baxılacaq işlərin siyahısından çıxarılıb.

Azərbaycanda 2015-ci ildə keçirilmiş parlament seçkiləri ilə bağlı olan bu işdə ərizəçi Ümid Partiyasının sədri İqbal Ağazadədir. Şikayətin detallarına görə, 2015-ci ildə seçkinin sonunda ərizəçinin müşahidəçilərinə yalnız 22 seçki komissiyası üzrə protokolların surəti təqdim edilib. Ərizəçi iddia edir ki, əlində olan protokollara və digər məntəqələrdəki müşahidəçilərin ifadələrinə görə, seçkidə ən çox səsi o toplayıb. Ancaq rəsmi açıqlanmış nəticələrə görə, ərizəçi 6710 səs alaraq 2-ci olub. Səslərin yenidən sayılması üçün müraciətləri rədd edilmiş ərizəçinin şikayətlərini yerli məhkəmələr əsassız hesab edib. O iddia edib ki, səslərin sayılması, təkrar sayma, nəticələrin ləğvi daxil olmaqla çeşidli seçki prosedurları zamanı, habelə məhkəmə araşdırmaları zamanı onun Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsi (Seçki hüququ) və Konvensiyanın 13-cü maddəsi (Səmərəli hüquq müdafiə vasitələrinə malik olmaq) ilə təminat altına alınan hüquqlarına müdaxilə baş verib.

Tural Cəfərov Azərbaycana qarşı şikayətində tərəflər dostca anlaşma bağlayıb. Hökumət ərizəçiyə 8300 avro təzminat ödəməlidir.

Bu iş müxalifyönlü yazıları ilə tanınan jurnalist olan ərizəçinin bir konfransa qatılarkən yerləşdikləri otel otağında gizli kamera ilə şəxsi və intim xarakterli video görüntülərinin çəkilməsi, internetdə və özəl bir telekanalda yayılması ilə bağlıdır. Ərizəçi onun görüntülərini yayan telekanala qarşı üzr istənilməsi və dəymiş mənəvi ziyanın ödənilməsi tələbi ilə mülki iddia qaldırıb, iddia edir ki, gizli çəkilmiş şəxsi videoların yayılması qanunsuz olub, onun ləyaqətinə və nüfuzuna xələl gətirib, şəxsi həyata hörmət və ifadə azadlığı hüquqlarını pozub. Ancaq onun iddiası yerli məhkəmələrdə rədd edilib. Ərizəçi AİHM önündə iddia edirdi ki, onun iddiası üzrə məhkəmə prosesi ədalətsiz olub, onun ədalətli məhkəmə araşdırması, şəxsi həyata hörmət və ifadə azadlığı hüquqlarını pozub.

Balakişiyev, Surxayev və başqaları Azərbaycana qarşı şikayəti də tərəflərin dostca anlaşması ilə başa çatıb. Anlaşmaya əsasən, hökumət 16 ərizəçinin 15-nə 4750, 1 ərizəçiyə isə 5000 avro təzminat ödəyəcək. Ərizəçilərin hamısı müxalif düşərgənin fəallarıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG