Accessibility links

Avropa Məhkəməsi Azərbaycana münasibətdə ilk dəfə informasiya əldə etmək hüququnun pozuntusunu tanıyıb


Avropa Məhkəməsi
Avropa Məhkəməsi

Avropa İnsan Haqları Məhkəməsi Azərbaycana münasibətdə ilk dəfə informasiya əldə etmək hüququnun pozuntusunu tanıyıb.

Vəkil Xalid Ağaliyevin Amerikanın Səsinə bildirib ki, bu iş “Azadlıq” qəzetinin redaktoru Rövşən Hacıbəyli ilə bağlıdır.

“İş jurnalistin Qəbələ rayonunda yerləşən radiolokasiya stansiyasının ətraf mühitə təsiri haqda məlumatları istəməsi, əlaqəli qurumların həmin məlumatları təqdim etməməsi və yerli məhkəmələrin buna haqq qazandırması ilə bağlıdır," hüquqşünas bildirib.

Onun sözlərinə görə, ərizəçi Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu (ifadə azadlığı) və 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) maddələrinə söykənərək, AİHM-ə dövlət orqanlarının ictimai maraq kəsb edən məlumatları qapalı tutmasından və bununla bağlı məhkəmə qərarlarının qanunsuzluğundan şikayət edib.

Şikayətlər AİHM-ə 2012-13-cü illərdə təqdim edilib.

AİHM hesab edir ki, hər iki iş üzrə ərizəçinin Avropa Konvensiyasının 10-ci maddəsi ilə təminat altına alınan ifadə azadlığı hüququna (informasiya əldə edilməsi) müdaxilə baş verib.

Məhkəmənin qərarına əsasən, hökumət qərar qəti olduqdan sonra ərizəçiyə 1500 avro təzminat ödəməlidir.

Məhkəmənin qərarı ərizəçinin iki şikayəti üzrə çıxarılıb.

Birinci işlə bağlı qeyd edilib ki, 1985-ci ildən fəaliyyət göstərən sovet ordusuna məxsus Qəbələ Radiolokasiya Stansiyası təqribən 6000 kilometr məsafədə erkən xəbərdarlıq imkanlarına malik idi.

Ərizədə qeyd edilib ki, Sovet İttifaqının dağılmasından sonra stansiya Azərbaycanın mülkiyyətinə keçsə də, icarə müqaviləsi əsasında Rusiya tərəfindən idarə edilib. 2012-ci ildə stansiya bağlanıb və avadanlıqları Rusiyaya aparılıb.

Azərbaycan Prezidenti 2001 və 2003-cü illərdə stansiyanın ətraf mühitə və əhalinin sağlamlığına təsirinin qiymətləndirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla əhalinin sağlamlığına və ətraf mühitə nəzarət üzrə Azərbaycan-Rusiya birgə komissiyası yaradılıb, səhiyyə naziri komissiyanın sədri təyin edilib.

Ərizəçinin iddiasına görə, müstəqil araşdırmalarla stansiyanın Qəbələ rayonu və ətraf rayonlarda əhalinin sağlamlığında ciddi problemlər yaratdığı müəyyən edilib. 2010-cu ildə ərizəçi qeyd edilən komissiyanın fəaliyyət göstərib-göstərmədiyini öyrənmək üçün Səhiyyə Nazirliyinə informasiya sorğusu göndərib, stansiyanın ətraf mühitə və əhalinin sağlamlığına təsiri ilə bağlı hesabatların surətinin ona təqdim edilməsini istəyib. Səhiyyə Nazirliyi sorğuya cavab verib, bildirib ki, komissiya tərəfindən hesabat hazırlanıb, ancaq Nazirlər Kabinetinə göndərilib.

İstədiyi sənədləri əldə edə bilməyən ərizəçi məhkəmədə iddia qaldırıb, məhkəmədən xahiş edib ki, nazirliyin üzərinə informasiya sorğusuna mahiyyəti üzrə cavab verilməsi vəzifəsi qoyan qərar qəbul etsin. Nəsimi Rayon Məhkəməsi iddianı rədd edib, bildirib ki, nazirlik ərizəçinin istədiyi sənədlərə malik deyil. Yuxarı məhkəmələr həmin qərarı dəyişməyib.

İkinci işlə bağlı isə ərizəçi eyni informasiyaları informasiya sorğusu vasitəsilə həm də Nazirlər Kabinetindən istəyib. Nazirlər Kabineti sorğuya ümumiyyətlə cavab verməyib.

Ərizəçinin Nazirlər Kabinetinə qarşı iddiasını da yerli məhkəmələr təmin etməyib. Nazirlər Kabineti məhkəmə proseslərinə ümumiyyətlə nümayəndə göndərməyib.

XS
SM
MD
LG